Ötən il mayın 22-də Təbrizdə baş verən hadisələrin ildönümü ilə əlaqədar dünən İranın müxtəlif şəhərlərində aksiyalar keçirilib
22 MAY HADİSƏLƏRİNİN İLDÖNÜMÜ: URMİYA, QOŞAÇAY, SULDUZ, XOY, ZƏNCAN və QUMDAN XƏBƏRLƏR
2007-05-23 - 14:55:00
Ötən il mayın 22-də Təbrizdə baş verən hadisələrin ildönümü ilə əlaqədar dünən İranın müxtəlif şəhərlərində aksiyalar keçirilib.
«Media forum» saytının məlumatına görə, Urmiyada 10 min nəfərə yaxın insan şəhərin İmam və Ətai küçələrində toplaşıblar. Əvvəlcədən həmin yerlərə gətirilmiş polis və ETTELAAT əməkdaşları aksiyaya mane olmaq istərkən qarşıdurmalar baş verib. Polis və mülki geyimdə olan təhlükəsizlik qüvvələrinin işçiləri dəyənəklərlə nümayişçiləri dağıtmağa cəhd göstərib. Qarşıdurmalarda onlarla aksiyaçının tutulduğu bildirilir.
Qoşaçayda (Miyandab) da polis və təhlükəsizlik qüvvələri qabaqcadan şəhərin əsas küçə və meydanlarını nəzarətə götürüb. Bununla belə qısa müddətə olsa da, aksiya baş tutub. Müxtəlif istiqamətlərdən gələn aksiyaçıların biri-birinə qovuşmasının qarşısını almaq üçün bir neçə saatlığa bütün telefon və internet əlaqələri kəsilib. Qoşaçay bazarında ticarətlə məşğul olanların da alveri dayandıraraq aksiyada iştirak etmək üçün küçələrə çıxdığı bildirilir. Qarşıdurmalar nəticəsində onlarla milli fəal tutularaq naməlum istiqamətə aparılıb. Qoşaçayın tanınmış milli fəallarından olan Möhsün Fəramərzinin də tutulanların arasında olduğu xəbər verilir.
Sulduzda minlərlə polisin, ETTELAAT əməkdaşının və «Bəsic» (hökumət tərəfdarı olan könüllülər dəstəsi) qüvvələrinin şəhərə yeridilməsi nəticəsində burda çox gərgin və iztirablı anlar yaşanıb. Hökumət qüvvələri qismən də olsa aksiyanın keçirilməsinə mane ola biliblər. Ötən il mayın 24-də şəhid olmuş sulduzluların ilində, yəni bu il mayın 24-də böyük bir aksiyanın keçirilməsi üçün qızğın hazırlıq işlərinin getdiyi də bildirilir.
Xoy və Zəncanda da əvvəlcədən hər yerdə çoxlu polis və təhlükəsizlik qüvvələrinin yerləşdirildiyi vurğulanır. Burda aksiyanın keçirilməsinə mane olmaq üçün hər bir mərkəzi küçədə vətəndaşların yolda saxlanılaraq sorğu-suala tutulduğu deyilir.
Mayın 22-də Qum şəhərində yeddi milli fəal - Höccətülislam Əzimi Qədim, Seyid Heydər Bayat, Fətullah Zövqi, Yusif Süleymani, Həmid Həsənvənd, Calal Zülfüqarpur və Hüseyn Səttari şəhər prokurorluğuna çağırılıb. Çağırışa görə, milli fəallar bu gün - mayın 23-də şəhər prokurorluğunda olmalıdırlar.
«Media forum»
Əvvəlki məqalə: Salam Mirze Xezer!
Sonrakı məqalə: Şahvələd Çobanoğlu «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin fəaliyyətini dayandırdığını bəyan edib
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2951