Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Lalə Şövkət: “Ilham Əliyevə yazığım gəlir”

Mirzə Xəzər 12 May 2007

no comments

12 may 2007


Lalə Şövkət: «Pulun, kapitalın çoxluğu çox şeyi həll edə bilər, amma hər şeyi yox»


“Azadlıq” blokunun təsisçilərindən biri, Milli Birlik Hərəkatının lideri Lalə Şövkətlə müsahibəmizi günümüzün bir sıra aktual məsələləri üzərində qurmaq qərarına gəldik. Ilk sualımız isə Lalə xanımın “Azadlıq” blokundan çıxacağı barədə bir az əvvəl yayılmış məlumatla bağlı oldu.


- Lalə xanım, bəzi qəzetlərin yazdığına görə, “Azadlıq” blokundan çıxmaq istəyirsiniz...


- Bu məlumatların heç bir əsası yoxdur. Bu, tamamilə uydurmadır. Hansısa jurnalist yuxuda gördüklərini qələmə alıb.


- Milli Məclis bugünlərdə Mehriban Əliyevanın təşəbbüsü ilə “Aminstiya aktı haqqında” qanun qəbul etdi. Amma bu aminsitiya məhbəsdə olan jurnalistlərə və siyasi məhbuslara şamil edilmədi. Bunun necə dəyərləndirərdiniz?


- Təəssüf ki, bu aministiya da görüntü xarakteri daşıyır. Aminstiya ilk növbədə həbsdə olan jurnalistlərə, siyasi məhbuslara şamil olunmalıydı. Bu gün Azərbaycanda siyasi məhbus probleminin mövcudluğu, Eynulla Fətullayev, Mirzə Sakit kimi jurnalistlərin məhbəsdə olması Azərbaycan üçün biabırçı hadisədir. Ona görə də biz hesab edirik ki, aministiya bu adamları əhatə etməlidir. Bizim fikrimizcə, bu, yarımçıq amnistiyadır. Hərçənd, hakimiyyət bu hadisənin ətrafında böyük şou düzəldib, bütün günü təbliğat aparırlar. Artıq bu cür bayağı təbliğatlar insanlarda ikrah hissi oyadır.


Beynəlxalq aləm Ilam Əliyevlə bağlı qərarını verib


- Beynəlxlaq təşkilatlar Azərbaycanda söz azadlığının vəziyyətinə görə iqtidarı çox sərt tənqid etdilər, hətta Ilham Əliyevin adı Sərhədsiz Reportyorların “yırtıcılar” siyahısına da düşdü. Iqtidarın buna cavabı isə həmin təşkilatları ermənipərəstlikdə ittiham etmək oldu. Bunu necə qiymətləndirirsiniz?


- Ölkə başçısının bu siyahıya düşməsinin səbəbi onun əməlləridir. Məhz onun hakimiyyəti döründə mediaya qarşı təzyiqlər daha da şiddətlənib. Bu gün də müstəqil medianın məhvinə uğursuz cəhdlər edilir. Sözsüz ki, avtoritar ölkələrdə bütün bunların məsuliyyətini də ölkənin birinci şəxsi daşıyır. Beynəlxalq təşkilatlar da bütün bunları izləyir və öz qiymətlərini verirlər. Bununla da həm Ilham Əliyevin, həm də Azərbaycanın imici formalaşır. Bu gün Azərbaycan mənfi imicə malik ölkələrin sırasında öndə gedir. Korrupsiya, insan haqları və söz azadlığının pozulmasına görə beynəlxalq təşkilatların siyahısında ilkin yerlərdədir. Heç Heydər Əliyev “yırtıcılar” siyahısına düşməmişdi, amma onun oğlu daha irəli gedərək bu siyahını da fəth etdi. Cavan oğlan olasan, özünün, övladlarının gələcəyini düşünməyib belə hərəkətlərə yol verəsən və nəticədə adın bu cür siyahılara düşə, tarixdə mənfi bir adla qalasan... Mən buna təəssüf edirəm. Pulun, kapitalın çoxluğu çox şeyi həll edə bilər, amma hər şeyi yox. Reputasiyanı pulla düzəltmək olmur. Reputasiya başqa dəyərlərlə qazanılır. Əgər sən yırtıcısansa, nə qədər pulun olur-olsun özünə hörmət edən ictimaiyyət səni qəbul etməyəcək. Nə olsun, narkobaronların da böyük pulları var. Amma onlar mədəni ölkələrin, mədəni klubların həndəvərinə dolana bilmirlər, oralarda onları qəbul etmirlər. Çünki reputasiyaları çirklidir. Hətta onların övladlarını da qəbul etmirlər. Ona görə də dövlət başçısı, siyasətçi tarixə hansı reputasiya ilə düşəcəyi barədə düşünməlidir. Bu gün Ilham Əliyevin adı belə rahat şəkildə “yırtıcılar”, oğrular və s. siyahılara düşür. Bu, millətə də, dövlətə də, Ilham Əliyevin ailəsinə və övladlarına da çox pis mirasdır.
- Bəs sizcə, Ilham Əliyev nə üçün bütün bunlardan nəticə çıxarmır? Beynəlxalq təşkilatların hesabatlarını niyə qulaqardına vurur?
- Mənim Ilham Əliyevə yazığım gəlir. Onun bu hərəkətləri zəifliyinin göstəricisdir. Yalnız zəif dövlət başçısı zora əl atar. Güclü dövlət başçısı ölkəni ağılla idarə edir, zorla yox. Ilham Əliyev çox zəifdir. Ona görə də zora əl atır. Həmişə kimlər dava salır? Ağlı ilə hörmət qazana bilməyənlər, danışanda arqument tapa bilməyənlər. Ilham Əliyevin beynəlxalq aləmin rəyini nəzərə almamasına gəlincə, onu deyə bilərəm ki, bu təşkilatlar Azərbaycanla, onun birinci şəxsi ilə bağlı öz möhürlərini vurublar. Ilham Əliyevin buna əhəmiyyət verib-verməməsinin həmin təşkilatlara heç bir təsiri olmayacaq.


Azərbaycanın qeyri-demokratik olması artıq daxili problem deyil


- Hər halda hakimiyyət beynəlxalq birliyin islahatlar çağırışına “etməyəcəyik” tipli cavablarını davam etdirir. Məsələn, Seçki Komissiyalarının dəyişidirləməsi barədə çağırış olur, amma iqtidar nümayəndələri yalnız texniki dəyişikliyə gedə biləcəklərini deyirlər.


- Iqtidar nümayəndələrindən bu cür söz çox eşitmişik. Deyiblər ki, bizə nə Avropa Şurası lazımdır, nə beynəlxalq aləmin tövsiyələri, biz heç kimi saymırıq və s. Amma fakt ondan ibarətdir ki, Azərbaycanın Avropa Şurası qarşısında öhdəlikləri var və onlar yerinə yetirilməlidir. Hakimiyyət Seçki Məcəlləsinin təkmilləşdirilməsi barədə də öhdəlik götürüb. Gec-tez bunu yerinə yetirəcək. Əgər boyun qaçırsa sanksiyalarla, müxtəlif təzyiqlərlə üzləşəcək. Real təzyiq olan kimi isə o, dərhal mövqeyini dəyişir. Biz dəfələrlə bunun şahidi olmuşuq.


- Biz də şahidi olmuşuq ki, hakimiyyət öhdəlikləri yerinə yetirməkdən boyun qaçırıb. Beynəlxalq təşkilatlar isə bunu sükutla qarşılayıb. Yəni, hakimiyyət bu günə kimi beynəlxalq təşkilatların real təzyiqilə üzləşməyib...


- Bu gün Avropa qitəsində yerləşən Azərbaycan diktatura dalanındadır. Hakimiyyət ölkəni bu dalana salıb və deyir ki, belə olacaq. Xeyr, belə olmayacaq! Çünki dünyanın öz sürəti, öz qanun-qaydası var. Azərbaycanın qeyri-demokratik olması artıq daxili problem deyil. Demokratiya bu gün dünya təhlükəsizlik sisteminin qarantıdır. Bu gün anti-demokratik ölkələrə destruktiv faktor kimi baxılır. Bu baxımdan mümkün deyil ki, ölkəni diktatura dalanına salıb, oradan çıxmaqdan imtina edəsən. Buna nə daxil, nə də xaric uzun müddət dözə bilər. Bu gün daxildə hamı narazıdır. Hətta iqtidarda olan insanların çoxu da narahatlıq içindədir. Düşünürlər ki, onlar da bir anda Əli Insanov, Fərhad Əliyev, Hüseyn Abdullayev və vaxtilə hakimiyyətə çox yaxın olmuş başqa şəxslər kimi hər şeylərini itirə bilərlər. Heç kimin təhlükəsizliyinə zəmanət yoxdur bu ölkədə. Beynəlxalq aləm də bütün bunları müşahidə edir, görür. Amma onu da deməliyəm ki, hər bir halda demokratik qüvvələrdən, xalqdan da çox şey asılıdır.


“Azadlıq” qəzeti çox doğru addım atdı


- Amma demokratik qüvvələr heç seçki komissiyalarının formalaşdırılması ilə bağlı vahid mövqedən çıxış edə bilmədilər. Bu cür mübarizə ilə nəyəsə nail olmaq olar?


- Bu məsələyə dəfələrlə aydınlıq gətirilib. Amma yenə də deməyə məcburam ki, biz “Azadlıq” bloku olaraq bütün olub-keçənlərə rəğmən seçki komissiyalarının formalaşdırılması məsələsində Müsavata əməkdaşlıq təklif etdik. Dedik ki, gəlin bununla bağlı vahid təkliflər paketi hazırlayaq, ortaya vahid sənəd qoyaq. Təəssüf ki, Müsavat bu məsələdə də fərqli mövqe tutdu. Bununla bağlı bir sənəd hazırlayıb parlamentə təqdim etdi. Həmin sənəddə 9 variant təklif edilir. Bu variantların 8-i hakimiyyətə seçki komissiyalarını nəzarətində saxlamağa imkan verir. Məsələn, Müsavat belə təklif irəli sürür ki, seçki komissiyaları paritet əsaslarla hakimiyyət və müxalifət arasında formalaşdırılsın. Müxalifətə gəldikldə isə bildiriblər ki, bu özünü müxalifət elan etmiş partiyalardır. Azərbaycanda süni müxalifət çoxdur, müxalifət kimi danışıb iqtidar kimi yaşayanlar da çoxdur. Bu gün müxalifətçilik edib sabah iqtidarla bazarlığa gedirlər. Belə bir vəziyyətdə bu təkliflə çıxış etmək yumşaq desək, məntiqdən uzaqdır. Ona görə də “Azadlıq” bloku ayrıca təkliflər paketi hazırlayıb və artıq bu sənəd Venesiya Komisiyasına da göndərilib.


- Müsavat da “Azadlıq” blokunun təkliflərinin hakimiyyətin maraqlarına uyğun olduğunu iddia edir...


- Mən Müsavatla “Azadlıq” bloku arasında yaranmış gərginlik barədə çox danışmaq istəmirəm. Amma bu qarşıdurmanı Müsavat başlayıb. Çox şadam ki, “Azadlıq” qəzeti atəşkəs elan etdi. Bu, çox doğru addımdır. Insanlar bizdən ayrı şey gözləyirlər. Biz bu intiriqalara baş qoşmamalıyıq.


Pişiyi pələng kimi siçanlar qələmə verir


- Cəmiyyətdə belə bir rəy formalaşıb ki, pul, güc iqtidardadır, ona görə də bu hakimiyyətin dəyişməsi, müxalifətin uğur qazanması çətindir.
- Bunu məqsədli şəkildə insanların beyninə yeridirlər. Cəmiyyətdə ruh düşkünlüyü yaratmaq istəyirlər. Istəyirlər ki, bu cür üsullarla insanları apatiya vəziyyətində saxlasınlar. Insanlar başlarını aşağı salıb, dəyən qapazlara göz yumsun. Amma belə davam etməyəcək. Bunu tam əminliklə deyirəm. Qoy iqtidarı güclü kimi qələmə versinlər. Bir şeyi unutmaq lazım deyil ki, həmişə pişiyi pələng kimi siçanlar qələmə verir.
Bu yaxınlarda müxalifətə antipatiyası olan bir nəfərlə söhbətim oldu. O, mənə dedi ki, siz nə edirsiniz axı, daş daşımırsınız ki, əziyyət çəkəsiniz və s. Onun bu “daş daşımaq” sözü məni xeyli düşündürdü. Əslində, biz daş daşıyırıq. Izah edim. Insan yarananda bir sıra borclarla yaranır: vətəndaşlıq borcu, bəşəriyyət qarşısında borc, ailə borcu, insaniyyət borcu, Vətən borcu və s. Çoxdur, amma elə beşi kifayətdir. Allah insanı yaradanda bu borcları - daşları insana verib. Ona görə ki, ömrünün sonuna kimi daşımalı və Allahın hüzurunda ona təqdim etməlidir. Amma bizim camaat bu daşlardan dördünü atıb yapışır birindən. Daha çox ailə borcundan. Çünki bizim millət hesab edir ki, dünya onun qapısından başlayır, orada da bitir. Ailəm olsun, maşınım olsun, bozbaşım olsun, yaşayım özümçün. Bax bunu fikirləşir camaat və bir daşdan yapışıb sürətlə irəliləyir. Yerdə qalan daşlar yığılır və inkişafa gedən yolu kəsir. Bu daşları daşımaq millətini sevən siyasətçilərin üzərinə düşür. Axı onlar yolu təmizləmilidir. Amma yükləri ağır olduğuna görə çox yavaş yeriyirlər. Bu azmış kimi hələ ona bir daş da atırlar ki, sən niyə yavaş gedirsən. Bax bu gün müxalifətlə vəziyyət belədir. Əgər hərə üzərinə düşən o 5 daşın - borcun beşini də götürsəydi, onda biz yüklənməzdik və sürətlə irəliləyərdik.

Vidadi Məmmədov

("Azadlıq" qəzeti)

Əvvəlki məqalə: “Qarabağın qayıtmasını istəmirəm”

Sonrakı məqalə: "Əgər oğurluq olubsa, bunu Ilham Əliyevlə bir yerdə ediblər"

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2909

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin