Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Isaxan Aşurovun Rafiq Tağı və Samir Sədaqət oğlunun işi ilə əlaqədar vəsatətlərinin mətni

Mirzə Xəzər 30 Mar 2007

no comments

Səbail rayon məhkəməsinə

Azərbaycan Respublikasının CM-nin 283.2.2. maddəsilə təqsirləndirilən Samir Sədaqət oğlu Hüseynovun və CM-nin 283.1.1. maddəsilə təqsirləndirilən Rafiq Nəzir oğlu Tağıyevin müdafiəçisi İsaxan Qara oğlu Aşurovun

Vəsatətləri

(Azərbaycan Respublikasının CPM-nin 92.9.6. və 299-cu maddələri qaydasında)

19 mart 2007-ci il

Hörmətli məhkəmə,
(1). Hüquqlarını müdafiə etdiyim cənab Samir Sədaqət oğlu Hüseynov cinayət təqibi orqanının tərtib etdiyi ittiham aktına əsasən Azərbaycan Respublikasının CM-nin (CM) 283.2.2. maddəsilə, cənab Rafiq Nəzir oğlu Tağıyev isə CM-nin 283.1.1. maddəsilə qanunsuz, əsassız və ədalətsiz olaraq təqsirləndirilib.

(2). İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsinə dair Avropa Konvensiyasının (Konvensiya) 6-cı maddəsinin 1-ci bəndinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir».

(3). Azərbaycan Respublikasının 2002-ci ildən iştirakçısı olduğu Konvensiyanın həmin normasında göstərilənlərdən çıxış edərək məhkəmənin hazırlıq iclasında həll etməli olduğu məsələlərlə əlaqədar müdafiə ilkin dinləmələrin tərkib hissələri kimi aşağıdakı hallara dair qanuni və əsaslı vəsatətini diqqətinizə təqdim edir.

a. Sübut kimi yolverilməz materialların məhkəmə baxışından xaric edilməsi haqqında (CPM-nin 299.4.3. maddəsi qaydasında)

(4). İş üzrə ibtidai araşdırma aparan müstəntiq cənab Ənvər Qüdrət oğlu Həmidovun sübutların qiymətləndirilməsi haqqında tərtib etdiyi qərarda və hazırkı iş üzrə tərtib etdiyi ittiham aktında cənab Hüseynovun və cənab Tağıyevin göstərilən cinayət əməlini törətməsinin guya kifayət qədər sübuta yetirilməsi iddia olunmaqla əsas sübutlar qismində cənab Mübariz Həsən oğlu Məmmədovun (i.v.79-80), cənab Elçin Abbas oğlu Süleymanovun (i.v.97-100), cənab Müsəddəq Əliş oğlu İsrafilovun (i.v. 105-106) və xanım Qilas Məmməd qızı İsmayılovanın (i.v.135-136) ifadələrinə istinad edilib. Cinayət təqibi orqanı hətta cənab Hüseynovun atası Sədaqət Həsən oğlu Hüseynovun ifadəsini də sivill dünyada qəbul edilmiş konsitusion normaları pozaraq oğlunun əleyhinə sübut kimi qiymətləndirib. (i.v. 88-89).

(5). Adları çəkilən şəxslərdən cənab Mübariz Məmmədovun, cənab Elçin Süleymanovun, cənab Müsəddəq İsrafilovun və xanım Qilas İsmayılovanın ifadələrində cənab Hüseynovun və ya cənab Tağıyevin əleyhinə hər hansı fakt və ya məlumat yoxdur. Həmin şəxslər sadəcə «Sənət qəzeti»nin 11 noyabr 2006-cı il tarixli, 16 (060) sayında cənab Rafiq Tağının «Avropa və biz» başlıqlı yazısının dərc edildiyini təsdiq edib. Bu faktla əlaqədar müdafiə aşağıdakı iki məqamı hörmətli məhkəmənin diqqətinə çatdırır:

- birincisi, nə cənab Tağıyev və nə də ki cənab Hüseynov qəzetin göstərilən tarixli sayında həmin məqalənin dərc edilməsini inkar etmir, əksinə, onlar cinayət təqibi orqanına verdikləri bütün izahat və ifadələrdə bunu təsdiq edib;

- ikincisi, cinayət təqibi orqanı həmin halın təsdiqi məqsədilə eyni uğurla qəzetin bütün oxucularını dindirib onların ifadələrinə sübut kimi istinad edə bilərdi.

(6). Həmin şahidlərdən fərqli olaraq cənab Hüseynovun atası Sədaqət Həsən oğlu Hüseynov isə ümumiyyətlə qəzetdə gedən məqaləni oxumadığını, bu barədə eşitdiyini göstərib. Halbuki Azərbaycan Respublikasının CPM-nin 126.3. maddəsinə əsasən «……şahidlərin cinayət prosesini həyata keçirən orqanının özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz». Hörmətli məhkəmənin də bildiyi kimi burada yeganə istisna müstəsna hallarda yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlara aid edilir.

(7). Bu halları nəzərə almaqla müdafiə cənab Mübariz Həsən oğlu Məmmədovun (i.v.79-80), cənab Elçin Abbas oğlu Süleymanovun (i.v.97-100), cənab Müsəddəq Əliş oğlu İsrafilovun (i.v. 105-106), xanım Qilas Məmməd qızı İsmayılovanın (i.v.135-136) və Sədaqət Həsən oğlu Hüseynovun ifadələrinin sübut kimi yolverilməz materiallar qismində məhkəmə baxışından xaric edilməsini xahiş edir.

b. Cənab Hüseynovun və cənab Tağıyevin haqqında seçilmiş qətimkan tədbirinin ləğv edilməsi üçün əsaslar haqqında (CPM-nin 299.3.5. maddəsi qaydasında)

(8). Cinayət işinin materiallarından görünür ki, cinayət təqibi orqanı və məhkəmə cənab Hüseynov və cənab Tağıyev haqqında müstəsna qətimkan tədbiri - həbs seçərkən onun hansı zərurətdən doğmasını əsaslandırmaq üçün özünə cüzi əziyyət belə verməyib. Cinayət təqibi orqanı heç bir fakta və məlumata söykənmədən əsassız olaraq cənab Hüseynovun və cənab Tağıyevin azadlıqda qalacağı təqdirdə istintaqdan qaçıb gizlənəcəkləri mülahizəsini irəli sürüb və məhkəmə həmin şübhəni fakt kimi qəbul edib. Müdafiə hesab edir ki, cənab Hüseynov və cənab Tağıyev haqqında həbs qətimkan tədbirinin ləğv edilməsi üçün kifayət qədər əsaslar mövcuddur və bu əsaslara
şağıdakılar daxildir:

- cənab Hüseynov və cənab Tağıyev haqqında 15 noyabr 2006-cı ildə həbs qətimkan tədbiri seçilərkən və CPM-nin 155-ci maddəsində təsbit edilən əsasların, nəzərə alınmalı olan halların və onları şərtləndirən amilin tətbiq edilməməsi;

- cənab Hüseynovun və cənab Tağıyevin hazırkı və ya hər hansı başqa bir cinayət işi üzrə cinayət təqibi orqanının, yaxud məhkəmənin çağırışına gəlməkdən qərəzli boyun qaçırmasına dair birmənalı qəbul edilə bilən fakt və məlumatların yoxluğu;

- cənab Hüseynovun və cənab Tağıyevin hazırkı və ya hər hansı başqa bir cinayət işi üzrə icraatdan yayınması və ya qaçıb gizlənməsinə dair fakt və məlumatların olmaması;

- cənab Hüseynovun və cənab Tağıyevin təmiz yazıcı və jurnalist reputasiyası;

- onların daimi iş və yaşayış yerinin olması;

- təqsirsizlik prezumpsiyası.

(9). Sadalanan halları nəzərə almaqla müdafiə cənab Hüseynov və cənab Tağıyev haqqında qanunsuz, əsassız və ədalətsiz seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini və bu zaman məhkəməyə gəlməyə dair Konvensiyanın 5-ci maddəsində nəzərdə tutulan qaydada təminatlar təqdim etməyə hazır olduğumuzun nəzərə alınmasını xahiş edir.

İsaxan Aşurov


(Raset Pirisoyu
Head of the Organization of Defense of the
Rights of Samir Sadagatoglu)



Əvvəlki məqalə: GÜNEY AZƏRBAYCAN KONQRESİNİN 31 MART - AZƏRBAYCAN TÜRKLƏRININ SOYQIRIMI GÜNÜ MÜNASİBƏTİ İLƏ MÜRACİƏTİ

Sonrakı məqalə: Danimarkada Vətən Cəmiyyəti yaranıb

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2803

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin