İranda həbsdə saxlanan azərbaycanlı fəallardan bir neçəsi Novruz bayramı ilə əlaqədar olaraq sərbəst buraxılıb
GÜNEYDƏ HƏRƏKATÇILARIN BİR HİSSƏSİ AZADLIĞA ÇIXDI
Sərbəst buraxılanların arasında jurnalist də var
İranda həbsdə saxlanan azərbaycanlı fəallardan bir neçəsi Novruz bayramı ilə əlaqədar olaraq sərbəst buraxılıb. Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsindən (ASMEK) verilən məlumata görə, 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən aksiyada Urmiyanın mərkəzi meydanında tutulan hərəkat fəalı Əlirza Qomi 50 min tümənlik mülk girovu qoyaraq həbsdən çıxıb.
Bildirilir ki, o, aksiyada iştirak edənləri öz mobil telefonu ilə çəkərkən tutulubmuş. Urmiyanın “Bilim Yurdu” təşkilatının mətbu orqanı olan “Urmu Yolu” jurnalının redaktoru Atabəy Teymuri isə 5 milyon tümənlik mülk girovu müqabilində sərbəst buraxılıb.
“Media forum” saytının yaydığı xəbərdə urmiyalı fəallar Huşəng Nağızadə, Ramin Muradzadə və İbrahim Əhmədinin hər biri 20 milyon, Əhməd Qüreyşinin isə 30 milyonluq mülklərini girov qoymağın əvəzində sərbəst buraxıldığı bildirilir.
Lakin ASMEK həbsdə hələ də milli fəalların qaldığını bildirir. Ərdəbildə milli fəal Abbas Lisaninin həbsinə etiraz olaraq həbsxana qarşısında keçirilən aksiyada iştirak etdikləri üçün tutulan Gəştasb Vasiqi və Mahmud Aslani hələ həbsdədir. Onların Ərdəbil həbsxanasının 7-ci korpusunda ağır şəraitdə saxlandığı bildirilir.
Cavid TURAN
("Yeni Musavat" qəzeti)
Əvvəlki məqalə: Əli İnsanov: “YAP YAXIN VAXTLARDA DAĞILACAQ”
Sonrakı məqalə: GÜNEY AZƏRBAYCAN KONQRESİNİN 31 MART - AZƏRBAYCAN TÜRKLƏRININ SOYQIRIMI GÜNÜ MÜNASİBƏTİ İLƏ MÜRACİƏTİ
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2802