Əli İnsanov: “YAP YAXIN VAXTLARDA DAĞILACAQ”
Əli İnsanov Əli Həsənovu biabır etdi
“O, Heydər Əliyevin şəklini nalayiq yerdən asmışdı”
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq səhiyyə naziri Əli İnsanovun məhkəməsi davam etdirildi. Hakim Faiq Qasımov prosesi açıq elan etdikdən sonra Ə.İnsanov vəsatəti olduğunu bildirdi. O, çıxışına başlayanda, bir neçə kəlmə başqa məsələlər haqda danışmaq istədiyini dedi.
- Dünən (srağagün - red.) eşitmişəm ki, Sirus Təbrizlini YAP-dan çıxarıblar. Fikrimcə, Sirus Təbrizlinin YAP-a ehtiyacı yoxdur. YAP-ın Sirus Təbrizliyə ehtiyacı var...
Hakim bu anda onun sözünü kəsdi:
- Bunun məhkəməyə aidiyyəti yoxdur. Vəsatətiniz varsa, verin.
Ə.İnsanov:
- Məhkəməyə aidiyyəti olmasa da, bunlar həyati əhəmiyyət daşıyan vacib məsələlərdir. YAP-dakıların bu addan istifadə etməyə mənəvi haqqı yoxdur. YAP-ı qurub-yaradanlarla bu cür rəftar edirlərsə, onda partiyanın adını da dəyişsinlər...
Hakim:
- İnsanov, bunların məhkəməyə aidiyyatı yoxdur. Vəsatətdən danışın.
- YAP-a ilk siyasi çağırışları məhz Sirus Təbrizli etmişdi. YAP-ın qurucularına - bizlərə qarşı təzyiqlər davam edir. Düşünürlər ki, bizi qorxuda bilərlər, amma yanılırlar. Biz Heydər Əliyevi müdafiə edəndə indi danışanlar harada idi? Bu gün YAP-a rəhbərlik edənlərin azacıq da olsa, mənəviyyatı varsa, partiyanın adını dəyişsinlər.
- İnsanov...
- Hörmətli hakim, təəssüf ki, sözümü deməyə imkan vermirsiz. Halbuki bunlar taleyüklü məsələlərdir. Azərbaycanı uçuruma aparan adamlara xəbərdarlıq etməliyik. On minlərlə ləyaqətli insan YAP-a gəldi, qazandıqları nə oldu?
- İnsanov, vəsatət barədə danışın.
- Vəsatətim iki nəfərin bura çağırılması ilə bağlıdır. Biri YAP sədrinin birinci müavini Əli Əhmədov, digəri isə Prezident Aparatının şöbə müdiri Əli Həsənovdur...
- İnsanov, məhkəmə dindirmək üçün zala şahid dəvət edib. Gəlin əvvəl onu dindirək, sonra sizin vəsatətinizi müzakirə edərik.
- Çətinliklə olsa da, məni dinlədiyinizə görə sizə təşəkkürümü bildirirəm. İcazə verin, vəsatətimi əsaslandırım. Sözümü kəsirsiz, fikirlərimi tamamlağama imkan vermirsiz. Mənim müdafiə hüququmu iflic vəziyyətə salmısız.
- Məhkəmə sizin müdafiənizi iflic etməyib, edə də bilməz.
- Mən vəsatətimdə israr edirəm. Dəfələrlə demişəm ki, mən o adamlar haqqında danışmaq istəyirəm. Onlar hakimiyyətdə mühüm vəzifə tuturlar və bu şəxslərin dedikləri rəsmi bəyanat kimi qəbul olunmalıdır. Mən Heydər Əliyevi müdafiə edəndə Əli Əhmədovun nə işlə məşğul olduğunu bilmirəm, amma Əli Həsənov qapançı olub, tərəzi dalında durub. İndi zəngin həyat yaşayır, çilçıraqlı mülkləri var. Məndə onun şəkli var, gəlsin bura, göstərim. Üstü-başı çirk içində. Hələ məhkəmə başa çatmayıb, bu adam mənim barəmdə hökm verir,
deyir ki, onun yeri elə oradır. Qoy, İlham Əliyev Əli Həsənova sual versin ki, Heydər Əliyev Moskvada təqib olunan vaxtlarda Həsənov niyə onun portretini adını çəkməyə utandığım nalayiq yerdən asmışdı? O vaxt Həsənova sual vermişdilər ki, niyə belə hərəkətə yol vermisən, demişdi ki, Heydər Əliyevin yeri elə oradır. Bir vaxtlar Əli Həsənov mənə məktub göndərəndə ad-familyasını kiçik hərflə yazırdı ki, birdən acığım tutar. Akademik Cəlal Əliyevin kitabını vərəqləyin, görərsiz ki, Bakı gülləbaran olunanda, Heydər
Əliyev təqib ediləndə mən nələr etmişəm. Əli Həsənov kimdir? Vaxtilə Heydər Əliyevə hədyanlar yağdıran bu insan indi YAP-ın yaradıcılarının ünvanına qarşı ifadələr işlədir. Bu cür siyasətlə milləti uçuruma aparırlar. Yenə deyirəm, biz on minlərlə ləyaqətli insanı YAP-a gətirdik, amma onların taleyi acınacaqlı oldu. İndi bu pis, adını çəkmək istəmədiyim 5-6 nəfər nə istəyir millətdən?..
Bu zaman dövlət ittihamçısı Kamran Əliyev məhkəmədən Ə.İnsanova irad tutmağı tələb etdi.
Ə.İnsanov:
- Kamran müəllim, mənim sizə yazığım gəlir. Siz kimi ittiham etdiyinizi bilirsiz? Hər zaman bu dövlət üçün çalışan Əli İnsanovu. Siz və sizin rəhbərləriniz isə bu ölkə üçün bir toyuq hini də tikməmisiz.
Daha sonra Əli İnsanov Əli Əhmədov və Əli Həsənovun məhkəməyə dəvət edilməsi barədə vəsatətini yazılı şəkildə məhkəməyə təqdim etdi.
Müttəhimlər və müdafiəçilərin əksəri vəsatətin təmin olunmalı olduğunu dedilər. Dövlət ittihamçısı isə vəsatətin rədd olunmasını xahiş etdi.
Məhkəmə yerində müşavirə keçirib, vəsatəti təmin etmədi.
Bundan sonra Ə.İnsanov məhkəmə tərkibinə etiraz etdi:
- Mən və Fərhad Əliyev həbs olunandan bir müddət sonra İlham Əliyev dövlət tədbirlərinin birində dedi ki, biz cinayətkar nazirlər olmuşuq. Bununla da bizim təqsirsizlik prezumpsiyamız pozuldu. Amma o zaman mən İlham Əliyevə reaksiya vermədim. Halbuki onun bu çıxışı həm istintaqa, həm də məhkəməyə təzyiq idi. Bu gün də eyni addımı prezidentdən bir pillə aşağı olan adamlar atır. Onda hansı haqla dünyaya hüquqi dövlət qurduqlarını car çəkirlər? Azərbaycanda dərəbəylikdir. Buna görə artıq mənim heç bir şübhəm
qalmayıb ki, YAP-ın bundan sonrakı ömrü onun yaşından qat-qat az olacaq. Bu partiya yaxın vaxtlarda dağılmağa məhkumdur. Bunu müəyyən siyasi təcrübəsi olan, YAP-ı quran adam kimi deyirəm. Bir daha sübut olundu ki, məhkəmə işə qərəzli baxır. Məhkəmə cinayət təqibində maraqlıdır. Ona görə də bu tərkibə etiraz edirəm.
Məhkəmə etirazı baxılmamış saxladı.
Bundan sonra şahid qismində ifadə verməsi üçün Saleh Muxtarov zala dəvət edildi. Muxtarov bacısının adına olan aptekin fəaliyyəti üçün lisenziya almaq məqsədilə Səhiyyə Nazirliyinə dəfələrlə gedib-gəldiyini, lakin heç kimə rüşvət vermədiyini dedi.
Bundan sonra prokuror şahidin istintaqa verdiyi ifadəsinin elan olunmasını xahiş etdi. Muxtarovun ilkin ifadəsində yazılıb ki, lisenziya üçün Əczaçılıq və Tibbi-Texniki Təchizat İdarəsinin rəisi Akif Məhərrəmov ondan rüşvət tələb edib. Bu ziddiyyətə aydınlıq gətirməsi tələb olunanda Saleh Muxtarov dedi ki, ondan heç kim rüşvət istəməyib: “Sadəcə, get-gələ salındığıma görə, belə qənaətə gəlmişdim ki, məndən rüşvət umurlar”.
Daha sonra S.Muxtarovun bacısının ifadəsi elan edildi. Onun ifadəsində yazılıb ki, lisenziya almaq üçün rüşvət verib. Muxtarov bildirdi ki, bacısı ifadə verərkən, müstəntiq onu sıxışdırıb:
- Müstəntiq onu sıxışdırmışdı. Hərəmizi ayrı-ayrılıqda dindirirdilər. Bacım ifadə verəndə mən onu çöldə gözləyirdim. Müstəntiq onu dörd dəfə dindirdi. Bacımı hədələyib ki, səni buradan çıxmağa qoymayacağıq. Onun dindirməsi qurtarandan sonra ağlaya-ağlaya mənə dedi ki, nə istəyirlər yaz, çıxıb gedək.
Ə.İnsanov:
- Bir daha aydın olur ki, heç kim öz xoşu ilə istintaqa gəlməyib, rüşvətlə bağlı ərizə yazmayıb. Hamını özləri çağırıb, təzyiq göstəriblər. İstintaq qərəzli şəkildə aparılıb.
Daha sonra Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin şöbə müdiri Loğman Geraçiyev məhkəmənin təşəbbüsü ilə mütəxəssis qismində dindirildi. O ifadə verməyə başlayanda Ə.İnsanovun vəkili Ağaveyis Şahverdi buna etiraz etdi:
- Mütəxəssis əvvəlcə rəy verməlidir və həmin rəy əsasında ona suallar ünvanlanmalıdır.
Faiq Qasımov:
- Məhkəmə onu öz təşəbbüsü ilə dindirir.
Əli İnsanov:
- Onun dindirilməsi barədə əvvəlcə qərar qəbul olunmalıydı.
A.Şahverdi:
- Ötən prosesdə Fərman Abdullayevi şahid kimi dindirmədiz ki, əvvəlki məhkəmə iclaslarında iştirak edib. Bu şəxs də səhərdən məhkəmə zalındadır və buradakı söhbətləri eşidib. Onu niyə dindirirsiz?
Sabiq nazirin digər vəkili Toğrul Babayev isə DƏİEDK-in nümayəndəsinin dindirilməsinin qanunazidd olduğunu söylədi.
Hakim:
- Toğrul müəllim, istəyirsiz, lap səkkiz dəfə qalxıb-oturun, bu adam ifadə verəcək.
Loğman Geraçiyev qeyd etdi ki, Əli İnsanov tərəfindən qanunsuz özəlləşdirildiyi iddia olunan otuza yaxın səhiyyə obyekti özəlləşdirilməsi qadağan edilən obyektlər sırasında olmayıb:
- Amma həmin obyektlərin özəlləşdirməyə çıxarılması yalnız prezidentin sərəncamı ilə mümkün idi. Həmin obyektlər Əli İnsanovun məktubu əsasında özəlləşdirməyə çıxarılsa da, özəlləşdirmə prosesi qanunauyğun aparılıb. Məsələ ondadır ki, öncə səhiyyə obyektləri boşaldılıb, yararsız hala salınıb, sonra Əli İnsanov Əmlak Komitəsinə məktub göndərib ki, bu binalar özəlləşdirməyə çıxarılsın.
Onun sözlərindən aydın oldu ki, özəlləşdirilməyə çıxarılan binalar barədə yalnız iş materialları ilə tanışlıqdan sonra məlumat toplayıb.
Vəkil Akif Əlizadə:
- Biz hələ də başa düşə bilmirək ki, bu şəxs burada hansı qisimdə dindirilir? Biz məhkəmədə baş verənlərə bəzən reaksiya vermirik. Amma o demək deyil ki, heç nəyi başa düşmürük. Bizi nə hesab edirsiz? Həmkarlarımla razıyam ki, bu şəxs mütəxəssis qismində dindirilə bilməz. Deyirsiz ki, əlavə şahid kimi dindiririk. Əlavə şahidin nə ixtiyarı var ki, iş materialları ilə tanış olsun?
Məhkəmə vəkilin sualı ilə bağlı heç bir şərh vermədi.
Vəkil Ağaveyis Şahverdi:
- Geraçiyev, bildirirsiniz ki, bu obyektlər prezidentin sərəncamı əsasında özəlləşdirməyə çıxarılmalı olduğu halda, İnsanovun məktubu ilə özəlləşdirilib. Əgər belədirsə, bu özəlləşdirməni həyata keçirmiş Kərəm Həsənov niyə burada dayanmayıb?
Hakim:
- Bunun Geraçiyevə aidiyyatı yoxdur. Ona görə də sual çıxarılır.
A.Şahverdi:
- Geraçiyev, bir tərəfdən deyirsiz ki, bu obyektlər prezidentin sərəncamı ilə özəlləşməyə açıq olmalı idi. Digər tərəfdən də deyirsiz ki, özəlləşdirmə prosesi hüquqi normativ aktlara uyğun keçirilib. Bu zidiyyəti nəylə izah edirsiz?
Şahid sualı cavablandıra bilmədi.
Daha sonra vəkil Akif Əlizadə Geriçiyevə belə bir sual verdi:
- Niyə 3-5 il əvvəl demirdiniz ki, bu obyektlər özəlləşdirməyə qanunsuz çıxarılıb?
Şahid:
- Bu, mənim səlahiyyətim daxilində deyildi.
Əli İnsanov isə Geraçiyevdən nə vaxtdan bu vəzifədə işlədiyini soruşdu:
Şahid:
- Səkkiz aydır.
- Deməli, mənim və Fərhad Əliyevin həbsindən sonra işə götürülmüsünüz. Ona görə də maraqlı tərəfsiniz. Sizin dediklərinizdən belə çıxdı ki, mənim məktubum prezidentin sərəncamını əvəz edib.
- Bilirsiz...
- Şərh verməyin, ya hə, ya da yox cavabını verin. Mən də fəxr edim ki, məktubum prezidentin sərəncamını əvəz eləyib.
- Obyektlərin özəlləşdirilməsi prosesinin həyata keçirilməsi üçün əmlak üzərindən məhdudiyyətin götürülməsi baxımından, sizin məktubunuz qanunvericilikdə nəzərdə tutulan sənədi əvəz edib.
- Mən məktub yazsaydım ki, Tibb Universitetinin binasını özəlləşdirin, özəlləşdirəcəkdiz?
Hakim sualı çıxardı. Əli İnsanov şahiddən Heydər Əliyev Fondu tərəfindən inşa edilən “21-ci əsr” Təhsil Kompleksinin hansı sərəncam əsasında özəlləşdirildiyini də soruşdu. Lakin məhkəmə bu sualı da çıxardı.
Ə.İnsanov:
- Sizə xoş deyil deyə, bu sualları çıxarırsınız. Kərəm Həsənov bura gəlməsə, məsələlər aydınlaşan deyil.
Günün ikinci yarısında isə Səhiyyə Nazirliyinin sabiq sektor müdiri Şöhrət İsmayılov ifadə verdi. Şahidin sözlərindən aydın oldu ki, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsinə çağrılaraq, orada “Qlobal Alyans” beynəlxalq təşkilatının Azərbaycan səhiyyəsinin inkişafı üçün ayırdığı pulların xərclənməsi barədə sualları cavablandırıb: “Mən müstəntiqlərə bildirdim ki, həmin vəsaitin nə cür xərclənməsilə Səhiyyə Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsi məşğul olub, ətraflı heç bir məlumata malik deyiləm”.
İfadəsi dinləniləndən sonra şahidə Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri olmuş - təqsirləndirilən Aleksandr Umnyaşkinin vəkili İsaxan Aşurov suallar verdi.
İ.Aşurov:
- Sizi istintaqa nə cür dəvət etdilər?
İsmayılov:
- Dəqiq yadımda deyil, deyəsən, telefonla çağırmışdılar.
- Umnyaşkinin 4 min manat pul mənimsəməsi haqda nəsə bilirsiz?
- Xeyr. Mən istintaq idarəsinə çağırılıb dindirilənə qədər, ora dəvət edilməyimin səbəbini də bilmirdim.
- Müstəntiqin axırıncı sualını xatırlayırsınız?
- Xeyr.
Vəkilin xahişilə şahidin istintaq zamanı verdiyi ifadə elan olunanda bəlli oldu ki, müstəntiqin ona sonuncu sualı dövlət çevrilişinə cəhd itihamı ilə bağlı olub.
Ş.İsmayılovun dindirməsi başa çatandan sonra hakim indiyədək 100-dən artıq şahidin dindirildiyini dedi:
- Məhkəmə prosesində şahidlərin hamısı dindirilməyə də bilər. Mən prokurorlardan və vəkillərdən xahiş edirəm ki, qalan şahidlərdən hansının dindirilməsinə, hansının isə ifadəsinin elan olunmasına ehtiyac görürlər, onların siyahısını təqdim etsinlər. Bundan sonra şahidlərin dindirilməsi mərhələsini bitirmək olar.
Prokuror K.Əliyev zərərçəkmiş Gülağa Əzizovun və səhiyyə obyektlərinin özəlləşdirilməsilə bağlı dindirilmiş şahidlərin ifadalərinin elan olunmasını xahiş etdi.
Onların ifadəsi oxunduqdan sonra vəkil İsaxan Aşurov şahidlər - Pünhan İmaməliyev və Qətibə Nəzərovanın ifadələrinin elan edilməsini istədi. Nəzərə çatdıraq ki, Qətibə Nəzərova bu işlə bağlı ibtidai istintaq zamanı dünyasını dəyişib. Onların da ifadəsi nəzərə çatdırıldıqdan sonra bir neçə vəkil hansı şahidin ifadəsinin elan olunmasına zərurət olduğunu dəqiqləşdirmək üçün vaxt istədilər.
Proses bu gün davam etdiriləcək.
Elşad MƏMMƏDLİ
("Yeni Musavat" qəzeti)
Əvvəlki məqalə: AVROPA KOMİSSİYASININ PREZİDENTİ XOSE MANUEL BAROZO: «AVROPA BİRLİYİ ABBAS LİSANİNİN MƏSƏLƏSİNİ ÇOX YAXINDAN İZLƏMƏKDƏ DAVAM EDƏCƏK»
Sonrakı məqalə: İranda həbsdə saxlanan azərbaycanlı fəallardan bir neçəsi Novruz bayramı ilə əlaqədar olaraq sərbəst buraxılıb
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2801