Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Sirus Təbrizli : “Vaxtilə demişdim ki, hakimiyyət simasız quldurlardan təmizlənməsə, Azərbaycanın vəziyyəti yaxşı olmayacaq”

Mirzə Xəzər 29 Mar 2007

no comments

“NƏ HEYDƏR ƏLİYEVDƏN QORXMUŞAM, NƏ DƏ OĞLUNDAN!”


Sirus Təbrizli “Yeni Müsavat”a danışdı


“Vaxtilə demişdim ki, hakimiyyət simasız quldurlardan təmizlənməsə, Azərbaycanın vəziyyəti yaxşı olmayacaq”

sirus%20tebrizli%204

YAP-ın qurucularından daha biri sıradan çıxarıldı. İki gün öncə Sirus Təbrizli təmsil olunduğu partiyadan xaric edildi. Bəs, onun özü bu olayı necə dəyərləndirir? Sabiq YAP-çının bundan sonrakı addımları nədən ibarət olacaq? Xülasə, S.Təbrizli verilən qərarla barışacaqmı, yoxsa həmfikirlərini toplayıb mübarizəsini davam etdirəcək? Bütün bu suallara cavab almaqdan ötrü Sirus Təbrizli ilə əlaqə saxlayıb ondan müsahibə götürdük.

- Siz YAP haqqında “simasız quldurlar partiyası” ifadəsini işlədəndə təşkilatdan çıxarılmağınıza daha çox əsas var idi, nəinki sağlam tənqidlərinizi dilə gətirəndə. Sizcə, illər ərzində verilməyən sərt qərarın indi reallaşmasının əsas səbəbi nədir?

- Mənim narahatçılığım elə ondandır da. Kişinin vaxtında tərəzinin gözü nizamlanırdı. Yadınızdadırsa, həmin o çıxışda mən dedim ki, Heydər Əliyev simasız quldurlardan hakimiyyəti almasa, Azərbaycanın vəziyyəti yaxşı olmayacaq. Görünür, bu simasız quldurlar, qaragüruh bir az gücləndi. Daha doğrusu, Mehdiyevin imkanları genişləndi, YAP-ı Kommunist Partiyasına çevirdilər. Amma şəxsən mən 2 il yarımdır ora getmirəm. Sonuncu dəfə İdarə Heyətində həddən artıq sərt çıxış elədim ki, mən bu narahatçılıqları keçirirəm və sair. Qurultay ərəfəsində də prezidentin yanında yığışanda açıq danışdım. Əli Əhmədov barədə fikrimi prezidentin yanında da demişəm. Prezident dedi ki, Sirus müəllim, deyirsiniz sabah gəlməyəcəyəm, axı orda başqa insanlar da olacaq. Mən İlham Əliyevin xətrinə görə YAP-ın qurultayına getmişəm və orda da obyektiv çıxış eləmişəm. Hətta prezident də həmin çıxışıma görə təşəkkürünü bildirib. Deyirlər ki, xain xoflu olar. Mən nə Heydər Əliyevdən, nə də İlham Əliyevdən çəkinmişəm. Necə ola bilər ki, insan bir adama həm hörmət eləsin, həm də ondan qorxsun. Mənə dedilər ki, sən qurultayda niyə bazarın bahalaşmasından danışırsan? Necə yəni, bəs, harda danışmalıyıq? Bizdə elə bilirlər ki, partiya ordakıların xeyir güdməsi üçün yaranır. Qardaş, partiyalar xalqa xidmət eləmək üçündür.
Heydər Əliyevlə də təklikdə, yaxud müəyyən adamların yanında çox sərt söhbətlər edirdim. Bəzən hətta danışmaq istəməyəndə o məni danışdırırdı. Ona görə də bu qərarın indi verilməsi haqda sualı mənə yox, həmin adamlara verməlisiniz.

- Necə bilirsiniz, bu qərarın sifarişi kimdən gəlib?

- Mən nə deyə bilərəm ki? Hər halda, sifariş Tayvandan, ya da ki, başqa ölkədən gəlməyib.

- Siz İlham Əliyevin ünvanına hansısa fikir səsləndirməmişdiniz. Elə isə nə baş verdi ki, birinci şəxs belə sərt qərar verdi?

- Bunu məndən niyə soruşursunuz ki? Nə bilim mənim hansısa qəbahətim olub, ya yox. Bunu mən özüm də bilmək istərdim. Ona görə də bu sualı mənə verməyin, qardaş.

- Bəlkə rayonlarda əkin-biçin yox, Heydər Əliyevin heykəllərinin “əkildiyini” deməyinizə, yaxud narazı olanları Milli Parka etiraz gəzintisinə çağırmağınıza görə qəzəbə tuş gəlibsiniz?

- Mən öz içimdə tam əminəm ki, rəhmətlik Heydər Əliyev yaxşıca, sərt şəkildə yumruğunu stola vursaydı, Azərbaycanın yolları çox gözəl düzələ bilərdi. O yollar Heydər Əliyevə əbədi heykəl olardı. Məsələn, Hitler Almaniyanı çox pis günə qoydu. Amma Almaniyaya girəndə Berlinlə Poçdam arasında bir yol var ki, hamı deyir ki, bunu Hitler salıb. Baxmayaraq ki, Hitler o qədər dağıdıcı bir adam idi. Amma Heydər Əliyev qurucu bir insan kimi çox şeylər elədi. Mən belə fikiləşirəm ki, bu gün heykəllər, məhəbbət insanların ürəyində olmalıdır. O məhəbbəti heç kim ordan çıxara bilmir. O məhəbbət də rəhbərlərə insanlara edilən xidmətdən yaranır. Yəni bu gün Azərbaycan kəndində bir canlanma, əkin-biçin olsa, bu, Heydər Əliyevə məhəbbət, prezidentə hörmət olar. Ancaq mən bilirəm axı Bakı şəhəri nəyə görə bu qədər gərgindir. Ona görə ki, bütün kənd və rayonlar axışıb bura gəlib. Bəs, bunu mən deməsəm, kim deməlidir? Bundan əlavə, əgər o heykəl qoyanlar Heydər Əliyevi belə sevirlərsə, Heydər Əliyev kimi daim xalqın güzəranını fikiləşməlidirlər. Mən Əliyevçiliyi belə anlayıram. Özüm nazir olanda xalqa, jurnalistlərə xidmət etmişəm. Daim senzura məsələsini qaldırdığım üçün axırda kişi başa düşdü ki, bunu götürmək lazımdır və ləğv etdi. Buna görə də jurnalistlərin dostu Heydər Əliyev olmalıdır deyirdim və əvvəl özüm oldum, sonra o. Mən bununla fəxr edirəm. Lakin bunlar riyakarcasına fəaliyyət göstərirlər. Mehdiyev kimi bir adamda ki, Heydər Əliyevin silahdaşlarına qarşı məhəbbət yoxdur, ancaq Heydər Əliyevə heykəl qoyur, mən onun səmimiyyətinə inana bilmərəm. Bu gün prezidentə xidmət etmək onun haqqında tərifli məqalə yazmaq deyil; əsas iş görməkdir. İlham Əliyevdən dəfələrlə eşitmişəm ki, o iş adamına arxa olduğunu deyib. Amma bu gün qəzetdən oxuyuram ki, bir iş adamı ondan 400 min dollar rüşvət aldıqlarını, yalnız 22 minini büdcəyə keçirdiklərini deyir. Yaxşı, bu, İlham Əliyevə, ya Heydər Əliyevə hörmətdirmi? Mən bu narahatçılığımı deməyim, bəs, kim desin?! Qoy lap adamı divara söykəyib güllələsinlər, bəs sonra?

- Deyirsiniz ki, məmurlar İlham Əliyevi saxta rəqəmlərlə aldadır. Azərbaycandakı ağır durum barədə bütün dünya mətbuatı yazdığı halda doğrudanmı ölkə başçısını aldatmaq mümkündür? Yox, əgər dövlət başçısı vəziyyətdən halidirsə, niyə sizi eşidib onu nüfuzdan salanları cəzalandırmır?

- Mən bilirəm, hamınız bu dəqiqə istəyirsiniz ki, İlham Əliyevin əleyhinə nəsə deyim. Birincisi bu, riyakarlıq olar. Mən dünənə qədər YAP-ın üzvü olmuşam. Mən təklikdə olanda ürəyimdəkiləri ona demişəm də. Amma adama deyərlər ki, sən YAP-da olduğun halda, sədrə tənqid deyirsən. İndi siz arzu edirsiniz ki, bunu edim. Mən bir faktı deyim. İlham Əliyev hələ Neft Şirkətində işləyəndə Aynur Sofiyeva gəldi ki, bəs, “Sirus müəllim, mənə parlamentdən ev vermədilər”. Hacıbala müəllim şahiddir, getdik İlham müəllimin yanına, dedik Aynur Sofiyevaya ev verilməyib. Ona hələ iki qadını da qoşub ev verdi. Mən başqa misallar da gətirə bilərəm. Mənim nəyim varsa, Heydər Əliyev, İlham Əliyev, bir də onları sevənlər, mənə hörmət edənlər verib. Ona görə də bu sualı siz mənə verməyin.

- Bəs, partiyanın qərarı ilə bağlı nə deyə bilərsiniz?

- Orda deyiblər ki, mən üzvlük haqqını verməmişəm. Bir də ki, guya 6-cı bəndi pozub partiyanın xəttinin əleyhinə çıxmışam. Bəli, mən üzvlük haqqı verməmişəm, çünki partiyaya getmirəm. Parlamentdə olanda bir qadın gəlib məndən pulu alırdı, mən də verirdim. İndi evdə oturmuşam, heç kim pul almır, mən də verməmişəm. Amma partiyanın xəttinə xəyanət eləməmişəm.

- Maraqlıdır, üzvlük haqqı nə qədərdir ki, belə problemə səbəb olub?

- Vallah, bir-iki “şirvan” verirdim. Heç yadımda deyil. Nə olardı, Ramiz Mehdiyevin pulu yox idi? Mənim də əvəzimə üzvlük haqqı verəydi də. Məgər mən təkcə Heydər Əliyevi müdafiə eləmişəm? Elə 4 oktyabr hadisələrində gəlib Ramiz Mehdiyevi də müdafiə etmədimmi? Mehdiyev də otururdu da Apartda, düşəydi də, camaatın qabağına. Bunları yazın da, qoy bilinsin ki, Sirus kimdir? İndi İsa Qəmbər məndən inciyib ki, guya mən onlardan hakimiyyətin alınmasına kömək etmişəm. Xeyr, mən onlardan hakimiyyət-zad almamışam. Hakimiyyəti özləri verib. Mənim Heydər Əliyevə göndərməyə təyyarəm var idi? Təyyarə bunlarda idi. Göndərdilər ki, Heydər Əliyevi gətirsin. Daha vaxt gəlib çatıb, bədxahlıqdan da, məddahlıqdan da qurtarmaq lazımdır. Soyuq düşüncə ilə bu milləti düşünüb onun taleyi üçün əlbir olub iş görmək lazımdır.

- Yeri gəlmişkən, iki həftə öncə Nizami Cəfərova “get, İsa Qəmbərin yanında otur” demişdiniz...

- Sizə bir söz deyim. Vaxtilə mənim bir redaktorum var idi. Bu redaktor deyirdi ki, “Heydər Əliyev mənim anamdır”. Mən də buna deyirdim ki, ə, yekə kişisən, heç olmasa bu, ana deyil də, kişidir, denən atamdır. Deyirdi yox e, onu mən görəndə elə bilirəm anamı görürəm. Elə ki, Heydər Əliyevi işdən çıxartdılar, bütün onun haqqında yazılan biabırçı materialları öz qəzetində verdi. Məni də həmin adam işdən çıxartdı ki, guya mən xuliqanam. Sonra həmin adam getdi Müsavata, Nizami də onun müavini oldu. İndi Mehdiyevin ən sevdiyi adam həmin o şair, Nizami və digər dönük adamlardır. İsa Qəmbəri, Əli Kərimlini, Heydər və İlham Əliyevləri satanlar dəbə minib. Siz bunu görmürsünüz? Mən heç kimi satmamışam və satmaq fikrində də deyiləm. Mən ürəyimdə olan sözü İsa Qəmbərə də demişəm, rəhmətlik Əbülfəz bəyə də. Bunu hamı bilir, Əbülfəz Elçibəy öləndən bir az əvvəl seçki zamanı kabinetinin siyahısını vermişdi. Orda yazmışdı ki, əgər razı olsa, Sirus Təbrizliyə də bir nazir postu verəcəyik. Baxmayaraq ki, Əbülfəz bəy sağ olanda mən onun haqqında nə qədər tənqidi fikirlər demişdim. Çünki o görürdü ki, Sirus Təbrizli nazirdir və rüşvət almır. Bizi hardasa bu duyğu birləşdirirdi. Eləcə də Heydər Əliyev görürdü ki, Sirus Təbrizli rüşvət almır. Bəs, mən Nizami Cəfərova nə deyəydim?

- Əvvəlcə rəhbərlik etdiyiniz nazirliyi, vəzifənizlə birlikdə ləğv etdilər, sonra mandatsız qoyuldunuz, yekunda da yaratdığınız partiyadan çıxartdılar. Daha ağır sınaqla üzləşmək ehtimalınız varmı? Məsələn, sərt fikirlərinizin əvəzində bir gün şərləyib sizi həbsə ata bilərlərmi?

- Həbs olunmaq mənlik deyil, qardaş. Şəxsən mən xalqın, dövlətin qarşısında gün kimi, ay kimi bir insanam. Mənim heç kimin yanında gözükölgəli bir işim yoxdur. Onsuz da məni ömrü boyu hədələyiblər, nə iş görmüşəmsə, düşmən sayıblar. Partiya biletini (Kommunist Partiyasını nəzərdə tutur - E.P.) təhvil verəndə də məni dəli sayıblar, meydana çıxanda da, YAP-ı yaradanda da. Əvvəl “bu pisdir” deyənlər sonra mən deyənə gəlib. Mən heç nazir postu üçün də xiffət eləmədim. Çünki nazir olmaq istəməmişəm. Deputatlığa özüm getmədim. YAP-a isə 2 il yarımdır ayaq basmıram. Mənimçün ilk növbədə Sirus Təbrizli adı önəmlidir. Adamı o ad-familiya ilə nazir də edərlər, sabah öldürə də bilərlər. Əsas odur ad qalsın ki, bu, normal bir insan olub. Qalan heç bir məsələ məni düşündürmür. Vəzifə istəsəydim, İlham Əliyev verərdi. Ancaq istəməmişəm, mən vəzifə adamı deyiləm. Nazir olanda necə sərt çıxış eləmişdim? Mən hər dəfə sərt çıxış edəndə yazıq mənim işçilərim nə qədər isti-soyuğa düşürdülər, deyirdilər daha nazirlik getdi öz işinin dalıyca. Mən özüm demişdim ki, belə bir nazirliyə ehtiyac yoxdur. Demokratik ölkələrdə hansısa qəzet açmağa icazə alınmır, insan “budka” açan kimi qəzet, televiziya açır. Müəyyən dərəcədə mənim arzum yerinə yetib. Görün nə qədər qəzet çıxır.

- Demək olar ki, əl-qolunuz açılıb və YAP qarşısında heç bir öhdəçiliyi olmayan şəxs kimi daha sərbəstsiniz. Maraqlıdır, bundan sonrakı planlarınız nədən ibarət olacaq?

(davamı olacaq)


Elşad PAŞASOY

("Yeni Musavat" qəzeti, 29.03.2007)

Əvvəlki məqalə: Elman Mustafazadə: BU SƏS HEÇ ZAMAN SUSMAZ

Sonrakı məqalə: AVROPA KOMİSSİYASININ PREZİDENTİ XOSE MANUEL BAROZO: «AVROPA BİRLİYİ ABBAS LİSANİNİN MƏSƏLƏSİNİ ÇOX YAXINDAN İZLƏMƏKDƏ DAVAM EDƏCƏK»

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2799

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin