«NOTA BENE»çilərin APELLYASİYA ŞİKAYƏTİNƏ BAXILIB
2007-03-27 - 12:42:00
Bu gün Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə «Nota bene» qəzetinin həbs olunmuş əməkdaşı Fərəməz Novruzoğlunun və qəzetin islah işlərinə məhkum edilmiş baş redaktoru Sərdar Əlibəylinin şikayətinə baxılıb.
Qəzetin təsisçisi İlham Tumasın «Media forum» saytına verdiyi məlumata görə, bugünkü prosesdə hakim F.Novruzoğludan Nərimanov Rayon Məhkəməsinin qərarını alıb-almadığını və çıxış üçün hazır olub-olmadığın soruşub. Cavabında F.Novruzoğlu məhkəmənin qərarını almadığını desə də, çıxışa hazır olduğunu söyləyib.
Hakim tərəflərə söz vermək istədikdə məlum olub ki, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun nümayəndəsi məhkəmədə iştirak etmir. Buna görə də hakim məhkəmə prosesini aprelin 3-nə saat 11.00-a kimi təxirə salıb və gələn iclasda ya N.İbrahimovun özünün, ya da onun təmsilçisinin iştirak etməsini tələb edib.
İ.Tumasın sözlərinə görə, proses zamanı jurnalistlərə diktofondan istifadə etməyə icazə verilməyib. Media mənsubları etirazlarını bildirdikdən sonra hakim gələn iclasda diktofondan istifadəyə icazə veriləcəyini deyib.
Xatırladaq ki, yanvarın 30-da Nərimanov Rayon Məhkəməsi daxili işlər naziri Ramil Usubovun və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun iddiaları əsasında Fərəməz Novruzoğlunu 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Sərdar Əlibəylini isə 6 ay müddətinə islah işlərinə məhkum edib. Onlar Cinayət Məcəlləsinin 147 və 148-ci (böhtan və təhqir) maddələri ilə günahkar biliniblər.
«Media forum»
Əvvəlki məqalə: AVROPA KOMİSSİYASININ SƏDRİ ABBAS LİSANİ İLƏ BAĞLI İSVEÇLİ DEPUTATIN SORĞUSUNA CAVAB VERİB
Sonrakı məqalə: Əli İnsanov: «Mənə qarşı sui-qəsd cəhdi var. Prezidentə əvvəllər yazdığım məktubumda da bunu qeyd etmişəm."
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2787