Mirzə Xəzər: Sirus Təbrizlinin taleyi və yaxud... YAP öz balalarını yeyir...
Səhv etdik. Fransız inqilabı öz balalarını yeyirdi. YAP öz balalarını yox, öz yaradıcılarını yeyir. YAP yemir. Bu partiyanı yaradanları, Heydər Əliyevə arxa durub onun qurduğu rejimi möhkəmlədənləri böyük bir iştahla yeyən YAP deyil, YAP-ın yaratdığı rejimdir. Bu rejim, sədaqət və səmimiyyət məfhumunu
tanımayan,
bu anlayışları rədd edən, cüzi bir tənqid söylənəndə və təhlükə küləyi əsən kimi öz sədaqətli tərəfdarlarını həbsxanaya atmaqdan belə çəkinməyən bir rejimdir. Əli İnsanov həbsxanada, Hüseyn Abdullayev zindanda, Fərhad Əliyev qardaşı ilə birlikdə həbsdə, Sirus Təbrizli partiya xaricində...Növbədə hələ çoxları var. Rejim acdır, qidalanmaq istəyir. Rejim növbəti böhranını yaşayır. Rejim daxili böhran çağına qədəm basıb. 1989-cu il AXC mitinqlərinin odlu-alovlu natiqlərindən biri olub, sonralar Heydər Əliyevin, 2003-cü
ildən sonra İlham Əliyevin ən mətanətli tərəfdarı olduğunu dönə-dönə təkrarlayan Sirus Təbrizli özu dayaq durduğu rejimin və partiyanın növbəti qurbanına çevrildi. Qəribədir. 1989-cu ildə Sirus Təbrizli kommunist partiyasının biletindən imtina edən ilk azərbaycanlı kommunist olaraq tarixə daxil olub. Bu gün o, tənqidi çıxışına görə YAP-dan xaric edilən ilk yap-çı olaraq tarixə daxil olur. Çox qəribədir...1920-ci ildə Xİ Qızıl Ordunu Azərbaycana gətirən və müstəqil Azərbaycan dövlətini süquta yetirən Əliheydər
Qarayev və yüzlərlə digər azərbaycanlı bolşevik özlərinin qurduqları rejimin özləri tərəfindən himayə edilən terroruna qurban getdiyi kimi, YAP-ı və Əliyev rejimini qurub ona dayaq duranlar bu gün özlərinin qurduqları rejimin qurbanına çevriliblər. Müqayisə mübaliğəli olsa belə, oxşarlıq diqqətdən yayınmır. Fransa inqilabı öz balalarını yeyirdi. Rusiya inqilabı əvvəlcə balalarını aşırtdı, sonra yaradanlarını iştahla yeməyə başladı. Hər yerdə, demək olar, eyni mənzərədir, amma Azərbaycandakı "balayemə"nin bənzəri
heç yerdə yoxdur. Azərbaycan müstəsna ölkədir. Burada "balayemək" ayini zərurətdən çox, qorxudan irəli gəlir. YAP qorxur. Hətta ən yumşaq tənqidə belə dözmək qabiliyyətində olmayan YAP və onun qurduğu siyasi rejim öz sıralarındakı "dissidentləri" aşırmaqla gücünü göstərmək istəyir. Rejim növbəti böhranlı günlərini yaşayır. Azərbaycan müstəsna ölkədir. Bu ölkədə "yeyilənlər" yeyildikləri halda belə sədaqət andı içirlər. Hüseyn Abdullayev "əliyevçi" olduğunu, Sirus Təbrizli İlham Əliyevin ən sadiq tərəfdarı olduğunu
təkrar edə-edə cəza çəkir. Azərbaycan müstəsna ölkədir. Azərbaycanda YAP və rejim öz yaradıcılarını və balalarını eyni vaxtda "yeyir". Özü də böyük qorxu və...böyük iştahla yeyir...Atır və yeyir...
(Mirzə Xəzər - 27.03.2007)
Əvvəlki məqalə: Sabiq səhiyyə naziri Əli İnsanovun vəkillərilə görüşünə imkan verilmir
Sonrakı məqalə: AVROPA KOMİSSİYASININ SƏDRİ ABBAS LİSANİ İLƏ BAĞLI İSVEÇLİ DEPUTATIN SORĞUSUNA CAVAB VERİB
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2791