AVROPA KOMİSSİYASININ SƏDRİ ABBAS LİSANİ İLƏ BAĞLI İSVEÇLİ DEPUTATIN SORĞUSUNA CAVAB VERİB
2007-03-27 - 12:54:00
Benito Ferrero-Valdner
Avropa Komissiyasının sədri Benito Ferrero-Valdner Avropa Parlamentinin İsveçdən olan üzvü Eva-Britt Svenssonun İranda həbs olunmuş azərbaycanlı fəal Abbas Lisani ilə bağlı sorğusuna cavab verib.
Azərbaycan Gənclər Federasyonu İsveç təşkilatının rəhbəri Nərgiz Nedainin «Media forum» saytına bildirdiyinə görə, B.Ferrero-Valdner cavab məktubunda yazıb ki, Avropa Komissiyası A.Lisaninin həbsi barədə məlumatlıdır və onun İranda yaşayan azərbaycanlıların mədəni və dil hüquqları ilə bağlı keçirdiyi dinc aksiyalara görə həbs edildiyini bilir.
Məktubda qeyd olunub ki, Avropa Birliyi İranda insan haqları, o cümlədən milli azlıqların dil və mədəni hüquqları ilə bağlı vəziyyəti yaxından izləyir, diplomatik kanallar vasitəsilə, iranlı rəsmilərlə görüşlər zamanı İranda insan haqları sahəsindəki problemləri xatırladır.
Ferrero-Valdner məktubunda söz və sərbəst toplaşmaq azadlığının BMT-nin İnsan Haqlarına dair Konvensiyasında və İran Konstitusiyasında əksini tapdığını da vurğulaıb.
Avropa Parlamentinin İsveçdən olan deputatı, İsveç Sol Partiyasının üzvü Eva-Britt Svensson Abbas Lisani ilə bağlı sorğusunu Avropa Komissiyasına bu il fevralın 19-da göndərmişdi. Svenssonun sorğusuna İsveçin Yaşıllar Partiyasından olan deputat Karl Şlixter və Sosial-Demokrat Partiyasından deputat İnger Segelstrom da qoşulmuşdu.
Sorğuda Avropa Komissiyasına iki sual ünvanlanmışdı:
1. Komissiya Abbas Lisaninin işinə yönəlik nəsə bir iş görməyi planlaşdırırmı? Nəzərə alsaq ki, Lisani azərbaycanlıların İran Konstitusiyasında göstərilmiş mədəni hüquqları uğrunda mübarizə aparır, o zaman onun dərhal azad edilməsi zəruridir.
2. İrandakı azərbaycanlılara qarşı ümumi, mədəni və siyasi repressiyaları işıqlandırmaq üçün Avropa Komissiyası nə kimi işlər görmək niyyətindədir?
Avropa Komissiyasına göndərilən sorğular iki növə bölünür: prioritet və adi sorğular. Prioritet sorğulara üç həftə ərzində cavab verilməlidir, adi sorğulara isə iki-üç ay ərzində cavab verilə bilər. İsveçli deputatların A.Lisani ilə bağlı göndərdiyi sorğu prioritet sorğu idi.
A.Lisani ilk olaraq 2006-cı ilin mayında «İran» qəzetində Azərbaycan türklərini təhqir edən karikaturaya etirazına görə saxlanılıb. Həmin il iyunun 3-də tutulan Lisani sentyabrın 26-da 8 min ABŞ dolları məbləğində girovun müqabilində zaminə buraxılıb. Oktyabrın 3-də o, Ərdəbil mitinqçilərinə başçılıq etmək, ictimai asayişi pozmaq və dövlət əleyhinə təxribat törətmək ittihamları ilə məhkəmə tərəfindən 16 ay həbs və 50 şallaq zərbəsi cəzasına məhkum edilib.
Oktyabrın sonunda Lisani yenidən həbs olunub. Bu dəfə o, İranda yeni dərs ilinin başladığı vaxt (23 sentyabr) Azərbaycan dilində təhsilin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyaların təşkilatçılığında günahlandırılıb.
Hazırda A.Lisani Ərdəbil mərkəzi həbsxanasının 7-ci bölməsində saxlanılır.
A.Lisani bu il yanvarın 1-dən 31-dək həbsxanada aclıq aksiyası keçirib.
«Media forum»
Əvvəlki məqalə: Mirzə Xəzər: Sirus Təbrizlinin taleyi və yaxud... YAP öz balalarını yeyir...
Sonrakı məqalə: «NOTA BENE»çilərin APELLYASİYA ŞİKAYƏTİNƏ BAXILIB
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2786