Sabiq səhiyyə naziri Əli İnsanovun vəkillərilə görüşünə imkan verilmir
ƏLİ İNSANOV YENİDƏN ACLIĞA BAŞLAYIB
Bayram günlərində sabiq nazirə qarşı təzyiqlər artıb
Sabiq səhiyyə naziri Əli İnsanovun vəkillərilə görüşünə imkan verilmir. Martın 19-da keçirilən məhkəmə prosesində keçmiş nazir bu məsələ ilə bağlı dəfələrlə vəsatət qaldırsa da, hakim Faiq Qasımov bildirib ki, müttəhimlə müdafiəçinin görüşünün təşkil edilməsi təcridxana rəhbərliyinin səlahiyyətlərinə aiddir. Bununla belə hakim təcridxanaya məhkəmə tərəfindən müraciət göndərildiyini demişdi. Nəzərə çatdıraq ki, Ə.İnsanov martın 17-də vəkililə görüşməsinə imkan verilməməsi səbəbindən bir gün aclıq aksiyası keçirib.
Bundan sonra onun müdafiəçisilə görüşünə imkan verilib.
Lakin martın 19-dan sonra yenidən Ə.İnsanov müdafiəçilərilə görüşünə qadağa qoyulub. Məlumatda həmçinin bayram günlərində sabiq nazirə qarşı təzyiqlərin artıdığı deyilir. Bu səbəbdən onun yenidən aclıq aksiyasına başladığı bildirilir.
Dünən bu məlumatla əlaqədar eks-nazirin müdafiəçisi Ağaveyis Şahverdilə əlaqə saxladıq. Ağaveyis müəllim suallarımızı dinlədi və ona 5 dəqiqə sonra zəng vurmağımızı xahiş etdi. Növbəti zənglərimizdə isə müdafiəçi telefonu açmadı.
Daha sonra Ə.İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Rizvan Talıbovla əlaqə saxladıq. R.Talıbov bildirdi ki, martın 19-dan sonra sabiq nazirlə bağlı heç bir məlumat əldə edə bilməyib.
R.Talıbov onu da qeyd etdi ki, martın 25-də Ə.İnsanov tərəfdarlarının yaratdığı “Haqq və Ədalət” Bloku ilə Qərbi Azərbaycana Qayıdış Birliyinin birgə toplantısı olacaq: “Həmin tədbirdə ”Haqq və Ədalət"in siyasi təşkilata çevrilməsilə bağlı müzakirələr aparılacaq. Bu tədbirdə müəyyən qərarlar qəbul ediləcək".
“Belə məlumatlar var ki, Cəlal Əliyev partiya yaradır və həmin təşkilata Qərbi azərbaycanlıları da cəlb etməyə çalışır. Akademikin sizinlə bir əlaqəsi, yaxud onun sizin yaratdığınız təşkilata hansısa formada dəstəyi varmı” sualına R.Talıbovun cavabı belə oldu: “Mənim Cəlal Əliyevin hansı işləri görməsilə bağlı məlumatım yoxdur. Ondan hər hansı təklif almamışıq. Amma Cəlal Əliyev Əli İnsanovu dəstəkləyərsə, onun tərəfdarları ilə hər hansı formada birləşməyə qərar verərsə, bu, bizim tərəfimizdən çox müsbət bir
addım kimi alqışlanar”.
ORXAN
("Yeni Musavat" qəzeti)
Əvvəlki məqalə: STRASBURQ "AZERBAYCAN EVI"NIN OFISI VE YARDIM ÇAGIRIŞI
Sonrakı məqalə: Mirzə Xəzər: Sirus Təbrizlinin taleyi və yaxud... YAP öz balalarını yeyir...
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2785