Nurəddin İsmayılov: Xilaf çıxdıq Vətən əmanətinə, insanlıq zəmanətinə
Çətin bir də qurutduğumuz arxa su sıza
20 fevral 2007
Nurəddin İsmayılov
Biz gülzarını xəzan vurmuş bir balaca yurduq, içinə həşir düşmüş bir balaca elik, Yer kürəsinin didim-didim didilmiş, parçalanmış bucağında, biz həm də bir balaca yurd içində, el içində bir-birinə tələ quran, qarmaq atan, şöhrət üstə, kürsü üstə bir-birini bazarlayıb, bir qruşa yada satan, üzü dönük övladlarıq, səhər-axşam bizə layla deyən Vətən adlı anamızın qucağında. Biz xilaf çıxdıq, Allah qisməti Vətən əmanətinə, şərəfdən donumuzun biçildiyi insanlıq zəmanətinə, badələr əlimizdə tərif yağdırdıq kabab iyli yaylaqlara, bəh-bəh deyə-deyə döndərdik Azərbaycanı əcnəbilər kef çəkdiyi oylaqlara, düşdük it ağzına, qurd ağzına, kilid vurduq haqdan gələn söz ağzına, üz qoyduq pirlərə, inandıq ağzı plov iyli, imanı qırıq dindarlara, hərə bir büt yaratdı, heykəllər ucaltdıq millət qənimi öndərlərə. Şərin çatısı ilantək sarıldı boğazımıza, çıxmadı xalqın sözün deyən bir rəhbər kimsə qabağımıza, harda qaldı bu yurdun ağzı dualı hacısı, kərbalası, niyə qurtulmur bizdən zülmün ərşə dirənən hər bəlası, yetməz, qardaşım, bizim yerdən göyə gedən ahımız-amanımız, qənim kəsildi bizə dünənə arxa çevirib, arxamızca gələnləri sabaha arxayın salan yalançı gümanımız. Biz gəzdik ağa dalınca, özümüz ağalıqdan uzaq olduq, xoşlamadıq bəyzadəliyi, nəfsin qurbanı, köləliyə dustaq olduq, birimiz mindik ağzı köpüklü, azğınlaşmış şöhrət atına, qəzəb üstün gəldi, rişxənd etdik birimiz digərinin künyəsinə-zatına, düşmən yalan oldu, daş atdıq, daşladıq bir-birini, buraxdıq taleyin kor ixtiyarına, boşladıq bir-birini, arxalı köpəklər qurd basdı, arxa olammadıq arxasıza, çətin bir də qurutduğumuz arxa su sıza, birimiz sağa, birimiz sola çəkdi, yol Allah yoluydu, əfəndim, nədən hərəmiz bir yola çəkdik.
(“Azadlıq” qəzeti, 13.03.2007)
Əvvəlki məqalə: DAK-ın toplantısında qalmaqal, Sabir Rüstəmxanlı Cavad Derəxtini ittiham edib
Sonrakı məqalə: ABŞ sefiri hökumeti insan haqları ile bağlı öhdelikleri yerine yetirmeye çağırdı