Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

“Azərbaycan kimi totalitar sistemdə tapşırıq almamış bir məmur o biri məmurdan belə şey yaza bilərdi?”

Mirzə Xəzər 13 Mar 2007

Əli Insanov Ilham Əliyevi suçladı

13 mart 2007 “Azərbaycan kimi totalitar sistemdə tapşırıq almamış bir məmur o biri məmurdan belə şey yaza bilərdi?”

“Məni əsəbiləşdirib infarkt, insult eləmək istəyirsiniz”

Sabiq səhiyyə naziri Əli Insanov və daha on nəfərin məhkəməsi şahid ifadələrilə davam edir. Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmədə keçirilən dünənki məhkəmə iclası yenə də sabiq nazirin ayrı-ayrı məmurların və bütövlükdə hökumətin ünvanına müxtəlif ittihamları ilə yadda qaldı.

Məhkəmə iclası başlayan kimi Əli Insanov bir sıra vəzifəli şəxslərin məhkəmədə əlavə şahid qismində dindirilməsi barədə vəsatətlə çıxış etdi. Qeyd edək ki, məhkəmə prosesi başlayandan bu günə qədər istər Əli Insanov özü, istərsə də vəkilləri dəfələrlə eyni məzmunlu vəsatətlər qaldıraraq bir neçə məmurun, o cümlədən səhiyyə naziri Oqtay Şirəliyev, Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Prezident Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin məhkəməyə çağırılmasını tələb ediblər. Lakin hər dəfə də məhkəmə belə qərara gəlib ki, prosesin hazırkı mərhələsində bu vəsatətlərin təmin olunmasına ehtiyac yoxdur. Amma adları çəkilən şəxslərin məhkəmədə dindirilməsində israrlı olan Əli Insanov demək olar ki, hər məhkəmə iclasında eyni məzmunlu vəsatətlə çıxış edir. O, dünən yenidən əvvəlki vəsatətlərinin təmin edilməsini istədi:

Məhkəmə Insanovun vəsatətlərini təmin etmir

- Məhkəmənin çəkişmə prinsipi əsasında, obyektiv və hərtərəfli keçirilməsi üçün növbəti dəfə xahiş edirəm ki, əvvəlki vəsatətlərimdə adları qeyd olunan şahidlər dəvət olunub dindirilsin. Məhkəmə prosesinin yarısı arxada qalıb. Təxminən 50-60 şahid dindirilib. Bizim tələb etdiyimiz şahidlərin isə heç biri çağırılmayıb.

Hakim Faiq Qasımovun sabiq nazirə cavabı qısa və yarımçıq oldu:

- Bu vəsatəti müzakirə eləməyək. Mən sizə söz verirəm ki… - Xeyr, vəsatət müzakirə olunsun.

Əvvəlcə Əli Insanovun vəkili Ağaveyis Şahverdi vəsatətə münasibət bildirdi:

- Mən özüm dəfələrlə şahidlərin çağırılması, müvafiq qurumlardan sübut xarakterli sənədlərin tələb olunması barədə vəsatət qaldırmışam. Təəssüf ki, onların hamısı rədd edilib. Hər dəfə deyirsiniz ki, sonda baxıla bilər. Hesab edirəm ki, bu vəsatət təmin olunmalı və həmin şahidlərin hansı mərhələdə dindirilməsi də qərarda öz əksini tapmalıdır.

Sabiq nazirin digər vəkili Toğrul Babayev, eləcə də başqa müdafiəçilər də vəsatətin təmin olunmasını istədilər. Vəkil Akif Əlizadənin də vəsatətə münasibəti maraqlı oldu:

- Yəqin ki, bu iş Avropa Məhkəməsinə gedib çıxacaq. Əli Insanovun tələb etdiyi şahidlər çağırılıb dindirilməsə, işə Avropa Məhkəməsində baxılanda onun Konvensiyanın 6-cı maddəsinin ikinci bəndində nəzərdə tutulmuş hüquqları pozulmuş hesab olunacaq.

Digər müdafiəçi Isaxan Aşurov isə qeyd etdi ki, məhkəmə rədd cavabı versə belə, qərarda vəsatətin niyə təmin olunmadığı və yaxud niyə sonraya saxlanıldığı əsaslandırılmalıdır.

Təqsirləndirilən şəxslər və onların vəkilləri vəsatətin təmin olunmasını istəsələr də, ittiham tərəfin mövqeyi fərqli oldu. Dövlət ittihamçısı Kamran Əliyev hesab etdi ki, indiki mərhələdə vəsatətin təmin olunmasına ehtiyac yoxdur. Gələcəkdə zərurət yaranarsa, bu məsələyə yenidən qayıtmaq olar. Məhkəmənin də vəsatətlə bağlı qərarı ittiham tərəfin mövqeyinə uyğun oldu.

“Ölkə korrupsiya bataqlığında boğulur”

Növbəti dəfə vəsatətinin rədd olunması Əli Insanovun etirazına səbəb oldu: - Məhkəmənin bu şəkildə aparılmasına etiraz edirəm. Dövlət ittihamçısı məmurların bura çağırılmasını istəmir. Necə olur, nazirin birini rahat dəmir barmaqlıqlar arasına sala bilirsiz, amma o birinin çağırılmasına ehtiyac olduğu halda onu bura dəvət etməyi məqbul saymırsız? Demokratik ölkələrdə nəinki hansısa nazir, hətta prezidentlər də saatlarla dindirilirlər. Ona görə də gəlin, “vitrin demokratiyası”ndan uzaqlaşıb reallıqdan danışaq. Mənə tibb məktəblərinə qanunsuz tələbə qəbulu ilə bağlı ittiham verilib. Məleykə Abbaszadənin və Fatma Abdullazadənin əməllərində böyük problemlər var. Demişdim ki, məhkəməyə gəlsələr, deyəcəm. Bir halda ki, onları bura dəvət eləmək istəmirsiz, məcburam bunların bəzilərini indi deyim.

Azərbaycanda tələbə qəbulu iki mərhələdə aparılır. Birinci mərhələdə test imtahanı keçirilir və guya, yüksək bal toplamış abituriyentlər ali məktəblərə qəbul olunur…

Bu yerdə hakim Əli Insanova müraciət edərək yalnız ona verilən ittihamlar çərçivəsində danışmağı tövsiyə etdi:

- Əgər hansısa qanunsuzluqlarla bağlı sizdə faktlar varsa, hüquq-mühafizə orqanlarına müraciət edin. Bu məhkəmə baş verən bütün qanunsuzluqları araşdırmaq məcburiyyətində deyil. Ona görə də xahiş edirəm, sizə verilən ittiham çərçivəsində danışın.

Əli Insanov isə dediyindən dönmək fikrində deyildi:

- Ölkə korrupsiya bataqlığında boğulduğu halda korrupsiya ilə əlaqəsi olmayan şəxsi burada saxlamısız. Mən bu barədə danışıram, siz isə sözümü kəsirsiz. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası… Hakim Faiq Qasımov yenidən Əli Insanova müraciət edərək yalnız verilən ittiham çərçivəsində danışmağı tələb etdi. Bu, sabiq nazirin vəkili Ağaveyis Şahverdinin də narazılığına səbəb oldu: - Əli Insanov məhkəmə prosesinin bu cür aparılmasına etiraz edir. Xahiş edirəm ki, ona etirazını ifadə etmək üçün imkan verəsiz. Məleykə Abbaszadə mətbuat vasitəsilə Əli Insanovu ittiham edirsə, ona da imkan verin ki, özünü müdafiə edib cavab versin. Hakim: - Məhkəmə Məleykə Abbaszadənin, Fatma Abdullazadənin işinə baxmır. Məhkəmə yalnız verilən ittihamlar çərçivəsində aparılır. - Məleykə Abbaszadə deyir ki, Əli Insanov mənim verdiyim məlumatlar əsasında 2004-cü ildə həbs olunmalıydı. - Verin prokurorluğa.

“Təkcə Tibb Universitetinə qəbuldan beş milyon dollara qədər pul götürürlər”

Bütün bu deyişməyə baxmayaraq, Əli Insanov çıxışını yenə həmin istiqamətdə davam etdirdi:

- Təqsirsizliyimi sübut etmək üçün son imkanı da əlimdən alırsız. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ballar şişirdilir. Tibb Universitetinə tələbələrin ən azı 30 faizi bu yolla qəbul olunurdu. Təkcə Tibb Universitetinə qəbuldan beş milyon dollara qədər pul götürür. Bir qrup var ki, onlar öz savadı ilə daxil olur. Amma bu qrup azlıq təşkil edir. Necə olur, test imtahanında yüksək bal toplayan tələbə həmin fənn üzrə birinci semestr imtahanından iki qiymət alır?

Ali məktəblərə tələbə qəbulunun ikinci mərhələsi də var. Bu mərhələdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası test imtahanından “kəsilmiş” abituriyentlər arasında əlavə qəbul aparır. Ikinci qəbulda alınan rüşvətin məbləği də böyüyür. Çünki valideyn bu mərhələdə nə desən verməyə razı olur. Keçən dəfə də dedim, onların arasında 12 bal toplayan tələbələr olub. Məleykə Abbaszadə bilirdi ki, bunlar nə vaxtsa üzə çıxacaq. Siz rüşvətxorları axtarırsız, mən də bunlar barədə sizə informasiya verirəm. Azərbaycanlı ailəsi övladının gələcəyi üçün uşaq vaxtından pul yığır. Bütün ailələrin büdcəsini bu iki qadın mənimsəyib. Məleykə Abbaszadənin mənim barəmdə məktub yazması həbsimdən əvvəl mənə məlum idi. Bu addım həbs olunmamışdan yeddi ay əvvəl YAP-ın qurultayında kəskin çıxışımdan sonra atılmışdı. Məleykə Abbaszadə tapşırıq alıb mənim barəmdə prezidentə məktub yazmışdı, o da həmin məktubu Milli Təhlükəsizlik Nazirliyinə göndərmişdi. Bu qurama işi xırdalıqlarına qədər bilirəm. Sizcə, Azərbaycan kimi totalitar sistemdə tapşırıq almamış bir məmur o biri məmurdan belə şey yaza bilərdi?

Insanov ona qarşı ittihamların prezidentdən gəldiyini dedi

Bu yerdə prokuror müdaxilə edərək Əli Insanovun ittihamdan kənara çıxmasına etirazını bildirdi: - Belə rəy yaranır ki, məhkəmə Məleykə Abbaszadə və Əli Insanovun mətbuat vasitəsilə bir-birinə dediklərini araşdırır. Əli Insanov:

- Məni siyasi motivlərlə həbs eləmisiniz. Məni əsəbiləşdirib infarkt, insult eləmək istəyirsiniz. Buna nail ola bilməyəcəksiz. Mənim əsəblərim güclüdür. Mən nazir olmaqla yanaşı, həm də YAP-ın Nəsimi rayon təşkilatının sədri idim. Məleykə Abbaszadə də Nəsimi təşkilatın üzvü idi. Göstəriş olmasaydı, o, mənim barəmdə prezidentə belə dəhşətli şeylər yaza bilərdimi? Məleykə Abbaszadə düz deyir. Ona demişdilər ki, sən yaz, onsuz da onu həbs eləyəcəklər.

Hələ o biri funksioner, Əli Əhmədov daha da uzağa gedib. Hakim Faiq Qasımov yenə Əli Insanova etirazını bildirdi: - Hər gün mətbuatı oxuyub, məhkəmədə çıxışınıza mətbuatı şərh eləməklə başlayırsız. Barənizdə nə isə deyilibsə, sizin də müdafiəçiləriniz var. Onlar müsahibə verib sizin də fikirlərinizi desinlər. Gəlin, məhkəməni Mətbuat Şurasına çevirməyək. Sizi kimin, niyə həbs eləməyinin məhkəməyə aidiyyatı yoxdur. Məhkəmə faktları araşdırır və onlara qiymət verir. Siz özünüz dediniz ki, məhkəmənin siyasi şouya çevrilməsini istəmirsiz. - Mən də şou yaradılmasını istəmirdim, amma onlar yaradıblar. Əli Əhmədov deyir ki, o, xəyanətə görə həbs olunub. Hüquq-mühafizə orqanları məhkəmənin siyasiləşdirilməsinə imkan verməyəcək. O, məhkəməni və prokurorluğu nəzərdə tutur. Belə çıxır ki, siz işimdəki siyasi motivi ört-basdır eləməlisiz. Bunu deyən YAP-ın sədr müavinidir. YAP-ın sədrinin prezident olduğunu nəzərə alsaq, onu həm də prezidentin müavini saymaq olar. Belə çıxır ki, deyilənlər dolayısı ilə prezidentdən gəlir. Yoxsa, o, özbaşına belə danışa bilməzdi. Deməli, qərar artıq hazırdır. Belidərsə, onda bu şou niyə lazımdır? Qərarı oxuyun, qurtarıb getsin. - Məhkəməyə heç bir göstəriş daxil olmayıb və ola da bilməz. - Daxil olsaydı, mənə deyəcəkdiniz?

Deputat Məlahət Həsənovanın adı istintaq materiallarında

Bundan sonra şahidlər dindirildi. Şahid qismində ifadə verən Firudin Ibadov 2 saylı xəstəxananın balansında olan yarızirzəminin 1997-ci ildə icarəyə götürülməsi, 2001-ci ildə isə özəlləşdirilərək ət kombinatı kimi istifadə olunmasından danışdı.

Həkimləri Təkmilləşdirmə Institutunun işçisi Əşrəf Rzayev isə müəssisənin qarajının özəlləşdirilməsi epizodu üzrə ifadə verdi. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi büdcədənkənar tibbi xidmətin rəisi Vəkil Abbasov əlaqə saxlayaraq deyib ki, qaraj icarəyə verilib. Əşrəf Rzayev bildirdi ki, qarajın kimə icarəyə verildiyi və Vəkil Abbasovun özünə kimin bu haqda göstəriş verdiyindən xəbəri olmayıb. Şahid ibtidai istintaqa verdiyi ifadəsində isə bildirib ki, Vəkil Abbasov ona zəng edərək deyib ki, həmin ərazi Əli Insanovun razılığı ilə icarəyə verilib və ora gələn adamın işinə heç kim qarışmasın.

Daha sonra şahid qismində dindirilən Kərəm Məmmədrzayev isə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qayınatası Aydın Kərimovun dostu olub. 1994-cü ildən Aydın Kərimovla dostluq etdiyini deyən şahidin sözlərinə görə, 1998-ci ildə Iqtisadi Inkişaf Nazirliyində işə başlayıb. Aydın Kərimovla aralarındakı dostluq münasibətlərinə baxmayaraq, 2003-cü ilin noyabrında Fərhad Əliyevin əmrilə işdən azad edilib. Kərəm Məmmədrzayev bildirdi ki, Aydın Kərimovun təşəbbüsü ilə özü üçün “Baksovet” yaxınlığında görmədiyi obyekti özəlləşdirib. Özəlləşdirmənin pulunu da onun yerinə Aydın Kərimov verib. Kərəm Məmmədrzayev həmin obyektdən sonradan ticarət məqsədilə istifadə etmək istəyib. Lakin obyekti görəndə ondan imtina edib: “Gördüm ki, yarıya qədər sudur. Dedim ki, mənə lazım deyil. Çünki onun təmiri külli miqdarda vəsait tələb edirdi”.

Nizami rayon səhiyyə şöbəsinin müdiri olmuş Ələddin Muxtarov 7 saylı uşaq poliklinikasının bir hissəsinin Şahin adlı yol polisi tərəfindən özəlləşdirilməsi epizodu üzrə ifadə verdi. Onun məhkəmədə dediklərilə iş materiallarındakı ifadələri arasında ziddiyyət yarandığından ibtidai istintaq zamanı verdiyi ifadələr elan olundu. Şahid ifadəsində göstərib ki, o zaman poliklinikanın baş həkimi deputat Məlahət Həsənova olub. Səhiyyə şöbəsinin müdiri kimi ona müraciət olunmadan poliklinikanın bir hissəsi özəlləşdirilərək həmin yerdə aptek və atelye fəaliyyətə başlayıb. Öyrənib ki, həmin yeri yol-patrul xidmətinin Şahin adlı əməkdaşı özəlləşdirib. Bu barədə Bakı Şəhər Icra Hakimiyyətinə, Bakı Baş Səhiyyə Idarəsinə müraciət edib. Xeyli cəhdlərdən sonra otelyenin bağlanmasına nail olub. “O vaxt həmin obyektə görə Şahinlə vuruşurdum və geri alıb yenidən poliklinikaya verilməsinə çalışırdım. Amma Nizami rayon səhiyyə şöbəsi ləğv olundu və mən işdən çıxdım”.

“Şahnamə”ni prokuror yazacaqdısa…”

Bundan sonra günün ikinci yarısınadək məhkəmənin işində fasilə elan edildi. Fasilədən sonra isə şahidlər Asif Babayev, Ilyas Musayev, Tamella Quliyeva, Əbülfəz Abdullazadə, Dursun Ibrahimov ifadə verdilər. Dursun Ibrahimov ifadə verərkən, prokuror ondan nə üçün məhz səhiyyə obyektini özəlləşdirdiklərini və bunun üçün Əli Insanovun razılığı olub-olmadığını israrla soruşmağa başladı. Əli Insanov isə buna öz etirazını bildirdi:

- Hörmətli məhkəmə, “Şahnamə”ni prokuror yazacaqdısa, biz bura nəyə yığışmışıq? Dövlət ittihamçısı hər şahid bura gələndə ondan soruşur ki, səhiyyə nazirinin özəlləşdirilmə üçün razılığı alınıb, ya yox. Mən bir daha bildirirəm ki, biz icarə ilə bağlı razılıq məktubu yazanda onun sonunda qeyd edirdik ki, gələcəkdə həmin binanın özəlləşdirilməsinə də etiraz etmirik. Bəri başdan bunu yazırdıq ki, qoy bizdən əl çəksinlər, çünki həmin obyektlər artıq Əmlak Komitəsinin balansına keçmişdi. Mülki cavabdeh – Sumqayıt şəhər 2 saylı Doğum Evinin baş həkimi Mədinə Məmmədovanın vəkili Çingiz Kərimov hüquqlarını müdafiə etdiyi şəxsə qarşı iddianın rədd edilməsi barədə vəsatət qaldırdı. M.Məmmədovanın çıxışı zamanı bəlli oldu ki, baş həkimi olduğu xəstəxananın balansında olan obyekt onun həyat yoldaşının adına rəsmiləşdirilib. Məhkəmə onun vəkilinin vəsatətini təmin etmədi. Daha sonra özəlləşdirilmə ilə əlaqədar Rəna Quliyeva, Səadət Axundova, Inqilab Kərimov dindirildilər. Proses bu gün davam etdiriləcək. Aytən Məmmədova

(“Azadlıq” qəzeti, 13.03.2007)

Əvvəlki məqalə: Güney Azərbaycan Konqresinin Mərkəzi Komitəsi Bakıda

Sonrakı məqalə: DAK-ın toplantısında qalmaqal, Sabir Rüstəmxanlı Cavad Derəxtini ittiham edib