Güney Azərbaycan Konqresinin Mərkəzi Komitəsi Bakıda
Avropanın müxtəlif ölkələrində Güney Azərbaycan Konqresinin (GAK) üzvü olan müxtəlif cəmiyyətlərin nümayəndələri, mart ayının 9-da keçirilən Dünya Azərbaycan və Türk Diaspor Təşkilatlarının Rəhbərlərinin I Forumunda iştirak etdilər. GAK Mərkəzi Komitəsinin üzvlərindən Abdulla ƏMİR HAŞİMİ (Cavanşir), Mustafa ORUCOĞLU, Cavidan ELBARS, Seyfəddin ALTAYLI, Hekmət ƏLİQIZI, Sevil BABAYEVA və Ayda ƏMİR HAŞİMİ, Bakıda olan diaspor fəalları ilə müxtəlif görüşlər apararaq, GAK-ın mövqeini, onlarla paylaşdılar. Eyni zamanda, yerli partiya başqanları və KİV mənsubları ilə görüşən GAK məsullarının söhbətlərində, digər qurumlarla əməkdaşlıq dairələri müzakirə edilərək, birgə addımların atılması barədə fikirlər söylənildi.
Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən forumun ilk hissəsində Azərbaycan Respublikasının prezidenti İlham ƏLİYEV, Türkiyə Cumhuriyyətinin baş naziri Rəcəb Təyyib ƏRDOĞAN və Quzey Kipr Türk Cumhuriyyətinin lideri Məhməd Əli TALAT çıxış edərək, bu forumun Türk dünyası üçün ən minimal xeyrinin, Anadolu və Azərbaycan türklərinin diaspor fəallarının biri-biri ilə tanışlıqları olduğunu, təcavüzkar Ermənistan əleyhinə birgə addım atmağın zərurətini və tarixi türk torpaqlarının bugün geri qaytarılması və qorunması üçün lazımı imkanların mövcudluğu vurğulandı. Forumnda çıxış edən digər türk dövlətlərinin səfirləri, “Bir millət, iki dövlət” devizinin əslində “Bir millət, 7 dövlət” kəlamı olduğu bəyan edildi. Çıxışların bu məqamları, iştirakçılar tərəfindən alqışlarla qarşılandı. Bu müsbət cəhətlərlə yanaşı, Forumda nöqsanlar da mövcud idi. Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyətinin, İran İslam Respublikası ilə iqtisadi-siyasi münasibətlərinin nəzərə alınması səbəbindən, diaspora yığıncağında Güney Azərbaycanda milli haqların tam pozulması barədə nəsə deyilmədi. Diaspora fəalları, Ermənistanın heç bir həqiqətə uyğun olmayan, üzdən iraq “erməni soyqırımı” barədə yalanlarına qarşı birgə ciddi və ardıcıl fəaliyyətin aparılmasına təkid edərək, Xocalı soyqırımının qərb ictimaiyyatına tanıtdırma barədə daha intensiv iş görülməsinin vacibliyini vurğuladılar. GAK məsulları, Foruma, Türkiyə, Avstraliya, Avstriya, Kanada, Gürcüstan, ABŞ, Rusiya, Norveç və digər ölkələrdən gələn Türkiyə və Azərbaycan diaspor-nümayəndələri ilə ətraflı söhbətlər aparıb, birgə fəaliyyət üzrə daha geniş müzakirələr aparılması barədə razılığa gəldilər.
Musavat partiyasının başqanı İsa QƏMBƏR ilə keçirilən görüşdə, xarici ölkələrdə yaşayan partiya üzvlərinin diaspora fəaliyyətlərinin istiqamətləri barədə fikir-mübadiləsi aparılaraq, diaspora məsələlərində xaricdə yaşayan müxtəlif fikirli azərbaycanlılararası əməkdaşlığı təmin etmək və pərakəndəliyə son qoyulması barədə dəyərli fikirlər paylaşıldı.
Müxalifət liderlərindən olan Etibar MƏMMƏDOV ilə görüşdə isə, xaricdə yaşayan azərbaycanlıların həyat və fəaliyyət tərzləri barədə danışılaraq, mühacirlərin problemlərinin düzgün həll olunması yolları və Azərbaycanın imecinin əcnəbilər içində yaxşılaşdırılması yolları haqqında fikirlər söylənildi.
GAK məsulları, Türkiyə və Azərbaycan KİV mənsublarını maraqlandıran sualları cavablandırdılar.
www.guneyazerbaycankonqresi.com
Əvvəlki məqalə: Son bir ayda Borçalıda 43 Azerbaycan mektebi bağlanıb
Sonrakı məqalə: “Azərbaycan kimi totalitar sistemdə tapşırıq almamış bir məmur o biri məmurdan belə şey yaza bilərdi?”