Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Talış Mədəniyyət Mərkəzinin sədr müavini Əli Nasir həbs olunub

Mirzə Xəzər 27 Fev 2007

TALIŞ MƏDƏNİYYƏT MƏRKƏZİNİN SƏDR MÜAVİNİ HƏBS OLUNDU 2007-02-27 – 13:41:00

Əli Nasir

Bu gün Talış Mədəniyyət Mərkəzinin sədr müavini Əli Nasir həbs olunub. Bu barədə «Media forum» saytına bu ayın 2-də həbs olunmuş «Tolışi sədo» qəzetinin baş redaktoru, Milli Elmlər Akademiyasının Dilçilik İnstitunun roman və german dilləri tədris-tədqiqat sektorunun rəhbəri Novruzəli Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Hilal Məmmədov məlumat verib.

Ə.Nasirin həyat yoldaşı Kəsirə Nəsirova da «Media forum»a açıqlamasında xəbəri təsdiqləyib. Onun sözlərinə görə, hadisə Ə.Nasir çörək almaq üçün dükana düşərkən baş verib: «Qonşuluqda yaşayan oğlan bizə gəlib dedi ki, Əli dayını dörd nəfər maşına mindirib apardı. Mən də, oğlu da aşağı düşdük ki, bu nə hadisədir? Hətta Əli müəllimə paltarını da dəyişməyə imkan verməyiblər».

K.Nəsirova onu da qeyd edib ki, həyat yoldaşının həbsi üçün heç bir əsas görmür: «Şair adamdır, öz yazı-pozusu ilə məşğul olur».

Xatırladaq ki, bu ayın 2-də Novruzəli Məmmədov, ayın 16-da isə onun rəhbərlik etdiyi qəzetin məsul katibi Elman Quliyev həbs olunub.

Bu haqda əvvəlki məlumatlarda E.Quliyevin N.Məmmədov kimi həm də Milli Elmlər Akademiyasının işçisi olduğu vurğulanırdı. Lakin fevralın 23-də akademiyadan «Media forum» saytına verilən açıqlamalarda bu, təkzib olundu.

Fevralın 19-da Milli Təhlükəsizlik Nazirliyindən «Media forum» saytına bildirilmişdi ki, N.Məmmədov və E.Quliyev təqsirləndirilən şəxs qismində tutulublar və onların barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. MTN-dən onu da qeyd etmişdilər ki, faktla bağlı istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdiyindən məsələ ilə bağlı ictimaiyyətə məlumatın bir qədər sonra açıqlanacaq.

Ehtimallara görə, N.Məmmədov və E.Quliyev İran kəşfiyyatı ilə əməkdaşlıqda ittiham edilərək tutulublar. Vəkil Ramiz Məmmədov N.Məmmədova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürüldüyünü söyləsə də, bu xəbər hələ rəsmən təsdiqlənməyib.

Çox güman, Ə.Nasirin də həbsi N.Məmmədovla E.Quliyevin həbsinin davamıdır.

Ə.Nasir «Tolışi sədo» qəzetində vaxtaşırı çıxış edib. O, N.Məmmədovun günahsız olduğunu iddia edənlərdən biri idi. Bu istiqamətdə fikirlərini Ə.Nasir «Tolışi sədo»nun çoxdan çıxmaması xəbərinin təkzibi kimi qəzetin bəzi nüsxələrini fevralın 16-da H.Məmmədovla birgə «Media forum»a təqdim edərkən söyləmişdi.

«Media forum»

Əvvəlki məqalə: STOKHOLMDA XOCALI SOYQIRIMINA ETİRAZ MİTİNQİ KEÇİRİLDİ

Sonrakı məqalə: İRANDA ANA DİLİ və XOCALI AKSİYALARINA GÖRƏ HƏBS və TƏQİBLƏR DAVAM EDİR