İRANDA ANA DİLİ və XOCALI AKSİYALARINA GÖRƏ HƏBS və TƏQİBLƏR DAVAM EDİR
2007-02-27 – 14:32:00
21 fevral Beynəlxalq Ana Dili Günü münasibəti ilə Ərdəbildə keçirilən aksiyalarda iştirak etdikləri üçün həbs olunan milli fəallardan Hüseyn Səbəbinin və Ramin Sadiqinin harda saxlandığı hələ bəlli deyil.
Güneydən «Media forum»a verilən xəbərə görə, ETTELAAT-çıların tutub apardığı H.Səbəbi ilə R.Sadiqinin ailə üzvləri müxtəif dövlət orqanlarına və zindanlara müraciət etsələr də, məsələ ilə bağlı heç bir məlumat əldə edə bilməyiblər.
Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsindən «Media forum»a ana dili aksiyalarına görə Sulduzda tutulmuş milli fəal Qəhrəman Qənbərpurun da harda saxlandığının indiyədək bəlli olmadığını söyləyiblər.
Güneyli mənbələr onu da bildirir ki, fevralın 24-də ETTELAAT-ın Miyana şəhər şöbəsindən milli fəal Saleh Kamraninin həyat yoldaşı Mina Əsğəriyə zəng edərək onu hədələyiblər. Məlumata görə, ETTELAATI M.Əsğərinin ötən ilin may-iyun hadisələri ilə bağlı ABŞ-dan yayılan «GünazTV»yə verdiyi müsahibəsi əsəbləşdirib. Güney Azərbaycan milli hərəkatının tanınmış nümayəndələrindən olan S.Kamrani may-iyun hadisələrindən sonra bir müddət həbsdə saxlanmışdı. Onun həbsi ilə bağlı Beynəlxalq Əfv Təşkilatı 3 dəfə bəyanatla çıxış etmişdi.
Fevralın 26-da Ermənistanın Tehrandakı səfirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı tutulan milli fəal Əkbər Azad isə bu gün məhkəməyə aparılıb. Məhkəmə prosesindən hələ ki, hər hansı bir məlumat yoxdur.
«Media forum»un məlumatına görə, Ermənistanın Tehrandakı səfirliyi qarşısında keçirilən aksiya ilə əlaqədar daha iki nəfər – Aran Xiyavlı və qardaşı tutulub.
«Media forum
Əvvəlki məqalə: Talış Mədəniyyət Mərkəzinin sədr müavini Əli Nasir həbs olunub
Sonrakı məqalə: Iran vertolyotları Azerbaycan serhedlerini xeberdarlıqsız pozub