TƏBRİZDƏ FUTBOL OYUNUNDAN SONRA AZARKEŞLƏR MİLLİ ŞÜARLARLA YÜRÜŞ KEÇİRİBLƏR
2007-02-23 – 18:28:00
Fevralın 22-də Təbrizin «Traktorsazi» komandası ilə Ərak şəhərinin «Sənaye» komandası arasında qarşılaşma olub.
«Media forum» saytının məlumatına görə, Təbriz stadionunda keçirilən görüşdə azarkeşlər üzərinə «Yaşasın Azərbaycan» şüarı yazılmış plakatlar da qaldırıblar.
Matç başa çatandan sonra azarkeşlərin bir xeyli hissəsi stadionun yaxınlığıda onları şəhərə aparmaq üçün dayanmış avtobuslara (İranda futbol görüşləri zamanı ictimai nəqliyyatda problem yaranmasın deyə azarkeşləri aparmaq üçün avtobuslar ayrılır) mindikdən sonra sürücülərə Rasta küçəsinə və Bazar məhəlləsinə getmək isədiklərini deyiblər. Rastada və Bazarda avtobusdan düşən azarkeşlər «Haray, haray, mən türkəm», «Ana dilində məktəb» və «Mənim dilim ölən deyil, fars dilinə dönən deyil» şüarları ilə yürüşə başlayıblar.
Təbriz bazarında alver edənlərin də yürüşə qoşulduğu bildirilir.
Bir müddət sonra ərazini nəzarətə götürən polis yürüşü dayandırıb. Məlumata görə, bu zaman kiçik qarşıdurmalar yaranıb.
Ərak şəhəri Tehran ostanına yaxın şəhərlərdən biridir. Tarixən türklərin yaşadığı bu şəhərdə hazırda əsasən farslar məskunlaşıb. Ərakın ətraf məntəqələrində, kəndlərində isə azərbaycanlılar yaşayır.
(“Media Forum”)
Əvvəlki məqalə: “Boss-Şelf”in fəhlələri ayağa qalxdı, razılaşmaya əməl edilməsə, aksiyalar davam edəcək
Sonrakı məqalə: ƏLİ İNSANOVU SUSDURA BİLMƏDİLƏR: “Heç nədən və heç kimdən qorxmuram”