ƏLİ İNSANOVU SUSDURA BİLMƏDİLƏR: “Heç nədən və heç kimdən qorxmuram”
Keçmiş nazirin şok açıqlamalar verəcəyindən ehtiyatlanan rejim onun məhkəməsini qapalı keçirməyə qərar verdi
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Faiq Qasımovun sədrliyilə sabiq səhiyyə naziri Əli İnsanovun məhkəməsi qanunsuz olaraq, qapalı şəkildə davam etdirildi. Diqqətə çatdıraq ki, fevralın 15-də keçirilən hazırlıq iclasında məhkəmə baxışının açıq keçirilməsi barədə qərar qəbul edilib. Dünən təyin edilən ilk baxış iclasının saat 9:30-da başlaması nəzərdə tutulmuşdu. Təxminən 9:10 dəqiqədə məhkəmənin binası önündə olduq. Bir qədər sonra məhkəmə nəzarətçilərindən biri prosesdə iştirak etmək istəyən mətbuat nümayəndələrinin qeydiyyatını aparmaq üçün vəsiqələrimizi yığdı.
Daha sonra məhkəmənin qapısı ağzında polis postunu gücləndirərək, jurnalistləri adbaad zala dəvət etməyə başladılar. “Səs”, “İki sahil”, “Həftə içi”, “525-ci qəzet”, “Şərq” qəzetlərinin, telekanalların və APA-nın müxbirini zala buraxandan sonra nəzarətçilərdən biri qapını aralayıb, “daha zal doldu” deyərək, vəsiqələrimizi özümüzə qaytardı və qapını bağlayıb getdi.
Əli İnsanovun “YAP yaramazdır” ifadəsini dərc edən qəzetlər məhkəməyə buraxılmadı
Qapı ağzında saxlanılan jurnalistlərə diqqət yetirdikdə bəlli oldu ki, məhkəməyə “Yeni Müsavat”, “Bakı Xəbər”, “Azadlıq”, “Gündəlik Azərbaycan”, “Xəzri”, “Üç nöqtə”, “Ayna-Zerkalo”, “Müxalifət” qəzetlərinin, “Azadlıq” radiosunun, “Turan” İnformasiya Agentliyinin müxbirləri buraxılmayıblar. Yeri gəlmişkən, prosesə hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, ATƏT-in, ABŞ Milli Demokratiya İnstitutunun, Böyük Britaniya səfirliyinin nümayəndələri də buraxılmadılar. Bəlli oldu ki, prosesə buraxılmayan qəzetlər Əli İnsanovun YAP-ı yaramaz adlandırması və digər məsələlər barədə fikirlərini olduğu kimi dərc edən qəzetlərin əməkdaşlarıdır.
“Zal dolub” bəhanəsindən sonra təxminən saat 10:30 radələrində məhkəməyə gələn “Ekspress” və “Yeni Azərbaycan” qəzetlərinin müxbirlərinin heç bir maneəsiz zala buraxılmaları qənaətimizi bir daha təsdiqlədi.
Bundan sonra nəzarətçilərdən hüquqlarımızı tələb etməyə başladıq. Nəzarətçilərdən biri isə onluq heç bir iş olmadığını söylədi: “Bizə göstəriş veriblər ki, kimi buraxaq, kimi buraxmayaq. Başqa cür etsək, bilirsiz də nə olar?!”
Artıq heç bir şübhəmiz qalmadı ki, Əli İnsanovun məhkəməsinin qeyri-rəsmi şəkildə və qanunsuz olaraq, qapalı keçirilməsi barədə göstəriş ya YAP-dan, ya da Prezident Aparatından verilib. Görünür, iqtidar Əli İnsanovun ifşaedici faktları açıqlayacağını və hakimiyyətin ünvanına sərt bəyanatlar verməkdə davam edəcəyini bilirmiş. Bu da o deməkdir ki, bütün təzyiqlərə baxmayaraq, Əli İnsanovla anlaşmaq mümkün olmayıb. Odur ki, prosesə hakimiyyətin nəzarət edə biləcəyi mətbuat orqanlarının buraxılması barədə tapşırıq verilib. Bunun əksi olsaydı, yəni Əli İnsanovu susdurmaq variantı alınsaydı, məhz elə bizləri içəri buraxasıydılar. Bir maraqlı fakt da ondan ibarət oldu ki, prosesə Əli İnsanovun yaxınları da buraxılmadı. Sabiq nazirin Hüquqlarını Müdafiə Komitəsinin sədri Rizvan Talıbov məhkəmə zalına keçsə də, bir neçə dəqiqə sonra onu bayıra çıxartdılar. R.Talıbov diqqətə çatdırdı ki, müstəqil mətbuatın məhkəməyə buraxılmaması hakimiyyətin Əli İnsanovun bəyanatlarından təşvişə düşməsilə əlaqədardır: “Zala yalnız o qəzetləri buraxmadılar ki, onlar Əli müəllimin fikirlərini dərc edirlər. İqtidarın nəzarəti altında olan mətbuatı isə ora gözdən pərdə asmaq üçün buraxıblar. Onların orada olmasının faydası nədir? Amma nə yolla olursa-olsun Əli İnsanovun məhkəmədə söylədiklərini ictimaiyyətə çatdıracağıq. Məni də ona görə zaldan çıxardılar ki, prosesdə baş verənləri mətbuata açıqlamayım. Əli İnsanov daha sərt açıqlamalar verəcək, üzləşdiyi haqsızlıların arxasında hansı məqamların dayandığını bir-bir açıqlayacaq”.
Məhkəmə zalındakı oturacaqları söküblər
Təxminən saat 12 radələrində prosesə buraxılan telekanal əməkdaşlarından biri bayıra çıxdı və ondan öyrəndik ki, zalda yer olmaması sadəcə, bir bəhanə imiş. Belə ki, bu bəhanəni əldə bayraq etmək üçün zaldakı skamyaları çıxarıb harasa aparıblar. Bundan başqa, zamində olan 10 nəfər təqsirləndirilən şəxsi məhkəmə hazırlıq iclasında əyləşdikləri yerdə – dəmir barmaqlıqların qarşısında qoyulmuş stullarda yox, prosesi izləyənlər üçün ayrılmış oturacaqlarda əyləşdiriblər. Qeyd edək ki, bu zalda bir müddət öncə banda başçısı Hacı Məmmədovun da məhkəməsi keçirilib və orada 38 vəkil, 60 nəfərə yaxın isə qeyri-proses iştirakçıları, o cümlədən jurnalistlər yerləşiblər. Dünən isə zaldakı oturacaları “yox edərək”, orada cəmi 25 nəfərlik yer saxlayıblar. Əlbəttə, “yer yoxdu” bəhanəsi üçün. Nəzərə çatdıraq ki, həmin zalda azı 100 nəfərin rahat əyləşməsi üçün şərait yaratmaq mümkündür. Dünən Əli İnsanovun məhkəməsində iştirak etmək istəyənlərin sayı isə jurnalistlərlə birlikdə ən çoxu 40 nəfər idi.
Üzləşdiyimiz bu qanunsuzluqlarla bağlı Mətbuat Şurasına müraciət etdik. Qurumun sədri Əflatun Amaşov müstəqil mətbuatı təmsil edən qəzetlərin əməkdaşlarının Əli İnsanovun məhkəməsinə buraxılması xahişilə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədri Mahmud Nəbiyev və hakim Faiq Qasımova müraciətlər ünvanlayıb.
Yeri gəlmişkən, ötən gün Müsavat Partiyası da azad mətbuatın Əli İnsanovun məhkəməsinə buraxılmamasını pisləyən bəyanat yayıb: “Məhkəmənin ilk iclasında Əli İnsanov hakimiyyətin ünvanına kəskin fikirlər söyləyib. Şübhəsiz, iqtidar yeni sürprizlərdən sığortalanmaq üçün məhkəmədə yalnız öz nəzarətində olan KİV təmsilçilərinin iştirakını təmin edib. Müsavat Partiyası bu ayrı-seçkiliyi bir tərəfdən məhkəmənin şəffaflığına, digər tərəfdən söz və mətbuat azadlığına, habelə jurnalistlərin hüquqlarının pozulmasına yönəlmiş növbəti qanunsuz hərəkət kimi qiymətləndirir. Biz bu özbaşınalığa son qoyulmasını, məhkəməni işıqlandırmaq istəyən jurnalistlərə bərabər imkanlar yaradılmasını tələb edirik”…
“Məhkəmə prokurorlarla əlbirdir”
Hakimiyyətin ən yuxarı eşelonundan verilən tapşırıq əsasında məhkəməyə buraxılmadığımızdan prosesdə baş verənləri izləyə bilməsək də, zala daxil olan həmkarlarımızdan müəyyən informasiyalar əldə edə bildik. Aydın oldu ki, məhkəmə prosesi açıq elan ediləndən sonra hakim F.Qasımov prosedur qaydalara uyğun olaraq, təqsirləndirilən şəxslərdən vəkillərindən razı olub-olmadığını soruşub. Digər prosessual qaydalar da yerinə yetirildikdən sonra Ə.İnsanovun vəkili Ağaveyis Şahverdi vəsatətlə çıxış edib. O, məhkəmənin dövlət ittihamçıları ilə əlbir olduğunu bildirib: “Bu səbəbdən də məhkəmə hazırlıq iclasında qaldırdığımız və kifayət qədər əsaslandırdığımız vəsatətlərin heç biri təmin edilməyib. Məhkəmənin prokurorlarla işbirliyində olması səbəbindən tələb edirik ki, proses bütünlüklə videolentə alınsın və bu çəkilişlər məhkəmənin protokoluna əlavə edilsin”.
Vəkillərin bir çoxu vəsatəti dəstəkləyib, digərləri isə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxıblar.
Əli İnsanov isə vəsatətlə bağlı fikirlərini bildirərkən deyib: “Həqiqətən də məhkəmənin hazırlıq iclasında müdafiəçilərim tərəfindən qaldırılan 10-a yaxın vəsatətin heç biri təmin edilmədi. Bu, məhkəmənin ədalətsizliyindən xəbər verir. Hörmətli hakimlər, yeri gəlmişkən onu da diqqətə çatdırım ki, mənim barəmdə həbs qətimkan tədbiri seçilməsilə bağlı məhkəmə saxlanıldığım kamerada keçirilib. Yəni, hakim gəlib, kameranın içərisində mənim barəmdə həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxartdı. Hansı məhkəmə ədalətindən söhbət gedə bilər? Mən hakimiyyətdə uzun illər yüksək post tutmuş bir şəxs kimi məhkəmə və hüquq sahəsində həyata keçirilən islahatları alqışlamışam. Lakin bu gün həmin islahatları görmürəm. Əgər məhkəmə mənimlə bağlı kamerada qanunsuz olaraq, qərar qəbul edirsə, hansı məhkəmə islahatından söhbət gedə bilər? Vəkilimin vəsatətilə tam razıyam, məhkəmə prosesi çəkilməlidir”.
Daha sonra o, məhkəmədə çəkiliş aparan və hansı qurumu təmsil etdiyi açıqlanmayan operatora üz tutub: “Sən kimsən, hansı qurumu təmsil edirsən ki, burada çəkiliş aparırsan? Məndən icazə almısan çəkiliş üçün? Sən kimsən ki, məni çəkirsən? Bəlkə sən toyxanalarda çəkiliş aparan operatorlardan birisən? İndiyədək təqsirləndirilən şəxs olaraq, mənə deyilməyib ki, bu adam kimdir və nə üçün çəkiliş aparır”. Hakim Faiq Qasımov deyib ki, bu operator məhkəmənin arxivi üçün çəkiliş aparır: “Onun apardığı çəkiliş məhkəmənin arxivinə veriləcək. Bu, sizin vəsatətinizin qəbul olunması deməkdir”.
Yenə qızıl külçə…
Daha sonra vəkili Əli İnsanovun evindən götürülən qızıl külçələrin maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilmədiyini bildirib və həmin qızılların istintaq orqanından tələb edilməsi barədə vəsatət qaldırıb: “Telekanallarda belə görüntülər efirə verilib ki, Əli İnsanovun evində axtarış aparılıb və xeyli sayda külçə şəklində qızıl aşkarlanıb. Həmin kadrlar telekanallarda nümayiş olunub. Lakin iş məhkəməyə göndəriləndə məlum olub ki, həmin qızıllar yoxa çıxıb. Əgər onun evindən qızıl götürülübsə, indi haradadır? Niyə bunları gizlədirlər? Tələb edirik ki, həmin qızıllar istintaq orqanından istənilsin”.
“Cinayətkar evimdə axtarış aparanlardır”
Əli İnsanov vəsatətə münasibət bildirərkən sərt ifadələr işlədib: “Mənə hər cür pislik ediblər. Barəmdə hər cür söz danışıblar. Heç nədən və heç kimdən qorxmuram. Mənə daha bundan artıq nə pislik edəcəklər? Bu gün məni təkadamlıq kamerada saxlayırlar. Susmağım üçün müxtəlif təzyiqlər göstərirlər. Məni cinayətkar adlandırıblar. Cinayətkar mən deyiləm, cinayətkar mənim evimdə axtarış aparan və onları bu işə göndərənlərdir. Mən bu kadrları nümayiş etdirən telekanalları məhkəməyə vermişdim. AzTV-nin əməkdaşı məhkəmədə bildirdi ki, bu kaseti onlara Baş Prokurorluq təqdim edib. Prokurorluq isə bildirdi ki, telekanala heç bir çəkiliş verməyiblər. Bəs, bu kadrları televiziyaya kim verib? İstintaq materialıdırsa, bunu niyə yayıblar?”. Məhkəmə qızıl külçələrin istintaq orqanından tələb edilməsi barədə vəsatəti təmin etməyib.
Vəkil Ağaveyis Şahverdinin növbəti vəsatəti isə Əli İnsanovun vergidən yayınmaqda və qanunsuz özəlləşdirmədə ittiham olunması ilə bağlı olub: “Bu gün Əli İnsanovu vergidən yayınmaqda da ittiham edirlər. Nəzərə çatdırım ki, sabiq nazirin ixtira etdiyi ”İnsanovin” pereparatından onun hesabına milyonlar daxil olub. Əli İnsanov bu gəlirlərdən dövlət büdcəsinə 100 min dollarlarla vergi ödəyib. Bu barədə sənədlər hazırda Bakı Şəhər Vergilər İdarəsinin arxivindədir. Nəzərə çatdırım ki, “İnsanovin”ə görə, Əli İnsanov həbs olunandan sonra da onun hesabına vəsaitlər daxil olur. Vəsatətimin birinci hissəsi həmin sənədlərin alınması üçün məhkəmə tərəfindən sorğu verilməsilə əlaqədardır. Bundan başqa, keçmiş nazir səhiyyə obyektlərinin qanunsuz özəlləşdirilməsində ittiham edilir. Nəzərə çatdırım ki, həmin obyektlər prezidentin sərəncamı ilə özlləşdirməyə çıxarılan obyektlər sırasındadır. Və özəlləşdirmə barədə sənədlərə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov və keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev imza atıblar. İddia olunursa ki, həmin özəlləşdirmələr qanunsuz aparılıb, Kərəm Həsənovla Fərhad Əliyev şahid qismində məhkəməyə dəvət edilməlidirlər.
Vəsatətimin digər hissəsi isə ondan ibarətdir ki, Əli İnsanovdan 2005-ci il oktyabrın 20-də şübhəli şəxs qismində alınan ifadənin yoxa çıxmış hissəsi istintaq orqanından tələb edilsin. Belə ki, məhkəməyə göndərilən cinayət işində İnsanovun oktyabrın 20-də verdiyi ifadəsinin cəmi bir vərəqi var. İfadənin arxası – hansı ki, orada sabiq nazir heç bir cinayət etmədiyini, dövlət çevrilişinə cəhd ittihamlarının əsassız olduğunu bildirib”.
“İlham Əliyev avropalılara nə cavab verəcək?”
Ə.İnsanov vəsatətə münasibət bildirərkən qeyd edib ki, həmin ifadəyə imza atmayıb və özünü təqsirkar bilmədiyini söyləyib: “İttiham aktında mənim evimdən götürüldüyü iddia edilən qızıllar barədə heç nə yazılmayıb. Hörmətli hakimlər, sizdən xahiş edirəm, məni belə cılız ittihamlarla, böhtanlarla gedər-gəlməzə yollamayın. Bir çox qəzetlərdə yazıblar ki, Əli İnsanov qanunsuz özəlləşdirmə ilə bağlı 3 milyard dolları mənimsəməkdə ittiham olunur. (Qeyd edək ki, əksər mətbu orqanlar informasiya agentliklərindən birinə istinadən Ə.İnsanova qarşı rəsmən 3 milyard dollarlıq iddia irəli sürüldüyünü yazıb. Lakin bu, belə deyil. İlk gündən biz rəsmi ittihama görə, İnsanovun qanunsuz özəlləşdirmə ilə bağlı təxminən 25 milyon dollar mənimsəməkdə ittiham olunduğunu yazmışıq – E.M.) Bu rəqəmi haradan götürüb yazıblar, nə məqsədlə yazıblar bilmirəm. Bircə onu deyə bilərəm ki, belə bir addımı atmaqla ölkə başçısını çox çıxılmaz bir vəziyyətə salıblar. İndi ölkə başçısı avropalılara nə cavab verəcək? Söhbət ondan gedir ki, prezidentin sərəncamı ilə bütün Azərbaycan üzrə özəlləşdirməyə çıxarılan binaların ümumi dəyəri 500 milyon dollar göstərilib. Belə olan halda Əli İnsanov özəlləşdirməyə çıxarılan binalardan səhiyyəyə aid olanlarının özəlləşdirilməsindən 3 milyard dolları necə mənimsəyə bilər? Əgər təkcə səhiyyəyə aid olan binaların özəlləşdirilməsindən 3 milyard mənimsənilibsə, prezidentin sərəncamında bütün sahələr üzrə özəlləşdirilməyə çıxarılan obyektlərin ümumi dəyərinin 500 milyon dollar göstərilməsi nə deməkdir? AzTV-in qeyrəti çatarmı təkzib verib, məndən üzr istəməyə?”
“Baş prokurorun əməllərini açıqlayacam”
Bunun ardınca o, üzünü dövlət ittihamçılarına tutaraq deyib: “Hörmətli prokurorlar, məni niyə böhtanlarla rüsvay edirsiniz? Mənim minlərlə tələbəm var. Xeyli sayda insanın hörmətini qazanmışam. Minlərlə adama şəfa vermişəm. Barəmdə müxtəlif fikirlər səsləndirməklə məni niyə bu vəziyyətə salmaq istəyirsiniz? Məqsədiniz nədir? Belə şeyləri yığışdırın! Yoxsa, hər məhkəmə iclasında sizin rəhbərinizin törətdiyi əməlləri açıqlayacam, onları dərinləşdirəcəm, genişləndirəcəm. Mənim bu fikirlərimi rəislərinizə çatdırın. Bilsinlər ki, onların işini çox çətinə sala bilərəm. Həbsimlə bağlı apellyasiya şikayəti verəndə həmin prosesi videolentə aldılar.
Sonra biz bu kasetin surətini istəyəndə dedilər ki, yanıb. Dövlət çevrilişinə cəhd məsələlərilə əlaqədar bütün çəkilişlər saxlanılır. Məni də dövlət çevrilişinə cəhddə ittiham etdikləri halda, niyə Apellyasiya Məhkəməsindəki çəkilişi itirdilər? Mən yəni o qədər zəif olmuşam?” Dövlət ittihamçısı isə söz alaraq bildirdi ki, onun ittiham edildiyi məbləğin qəzetlərdə səhv yazılması prokurorların günahı deyil: “Biz belə bir rəqəm açıqlamamışıq, yaxud deməmişik. Hansısa mətbu orqan səhv rəqəm yazıbsa və bu təkzib edilməyibsə, bu sizin müdafiənizin zəifliyindən irəli gəlir”.
Məhkəmə vəkilin yuxarıda qeyd edilən vəsatətini qismən təmin edib. Vergilər İdarəsinə sorğu verilməsi və “itmiş” dindirmə protokolunun istintaq orqanından istənilməsi barədə qərar qəbul edilsə də, vəsatətin Kərəm Həsənov və Fərhad Əliyevin şahid qismində məhkəməyə dəvət edilmələri barədə hissəsi rədd edilib.
Vəkil Ağaveyis Şahverdi növbəti vəsatəti qaldıranda hakim deyib ki, bütün vəsatətlərini versin və məhkəmə onları birlikdə müzakirə etsin. A.Şahverdi isə bu təkliflə razılaşmayıb və bunun qanunazidd olduğunu deyib: “Mən vəsatətlərimi bir-bir verəcəm və siz də onları bir-bir müzakirəyə çıxarıb, müşavirə keçirin. Qanun belə tələb edir. Növbəti vəsatətim bundan ibarətdir ki, Əli İnsanova qarşı qanunsuz özəlləşdirmə ilə bağlı irəli sürülən ittihamlar ittiham aktından xaric edilsin. Çünki onların heç bir əsası yoxdur. Bu obyektlər prezidentin sərəncamı ilə özəlləşdirilməyə çıxarılıb və özəlləşdirmə prosesinin qanunsuz aparılmasından söhbət gedə bilməz. Hər halda, əlimizdə olan sənədlər bunu deməyə əsas verir”.
Ə.İnsanov bu vəsatətlə bağlı söz alaraq qeyd edib: “Mənə qarşı ittihamların heç birinin əsası yoxdur. Qanunsuz özəlləşdirmə deyirlər. Hansı ki, bu obyektlər ölkə başçısının sərəncamı ilə özəlləşdirilməyə çıxarılan binalar sırasındadır. Qaldırın sənədləri, baxın. Əgər bunları qanunsuz özəlləşdirmə adı ilə insanların əlindən alırlarsa, tamam başqa məsələdir. Nəzərə çatdırım ki, həmin obyektlər özəlləşdirilmə yolu ilə müxtəlif şəxslərə, iş adamlarına verilib. İndi onların hamısının üzərinə həbs qoyublar. Belə çıxır ki, özəlləşdirmə haqda qərardan peşman olub, həmin obyektləri vətəndaşların əlindən almaq istəyirlər ki, qoy insanların vəziyyəti, əhalinin sosial-iqtisadi durumu daha da pisləşsin. Həmin obyektlərdə minlərlə insan çalışırdı. Əlbəttə, bu gün onların hamısı işsiz qalıb. Bir də maraqlıdır ki, niyə məhz səhiyyə obyektlərinin özəlləşdirilməsinin qanunsuz olduğunu deyirlər? Məgər onlar digər sahələri əhatə edən obyektlərlə birgə özəlləşdirilməyə çıxarılmayıb? Əminliklə deyirəm ki, bu obyektlərin hamısı birlikdə prezidentin sərəncamı ilə özəlləşdirilməyə çıxarılıb və özəlləşdirilmə barədə sənədləri eyni adamlar imzalayıb. Bəs, necə olur ki, bunların biri qanunsuzdur, digəri qanuni? Ona görə də bu ittihamlar tamamilə əsassızdır və işdən xaric edilməlidir”.
Məhkəmə müşavirə otağından qayıtdıqdan sonra bəlli olub ki, vəsatət rədd edilib.
Bu arada vəkil İsaxan Aşurov söz alaraq bildirib ki, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs Aleksandr Umnyaşkinə vəkilindən imtina etməklə bağlı təzyiqlər edilir: “Məhkəmə hazırlıq iclasında qurduğum müdafiə taktikam kimlərisə narahat edib və onlar müdafiə etdiyim şəxsə təzyiqlər edirlər ki, İsaxan Aşurovdan imtina etsin. Mən həmin adamın adını çəkmək istəmirəm, amma onu bu kimi işlərdən əl çəkməyə çağırıram”.
Bundan sonra isə nahar fasiləsi elan edilib. Günün ikinci yarısında da tələblərimizə məhəl qoymadan və yer problemini bəhanə gətirmədən (çünki günün birinci yarısında iştirak edən iqtidar qəzetlərinin müxbirlərinin əksəri ikinci hissəyə girmədilər) müstəqil qəzetlərin təmsilçilərini prosesə buraxmadılar. Aldığımız məlumatlara görə, nahar fasiləsindən sonra hakim təqsirləndirilən şəxslərin növbəti vəsatətlərlə çıxış etməsinə imkan yaratmayıb və ittiham aktını, yəni Əli İnsanovun və digərlərinin nədə təqsirləndirildiyini elan etmək üçün prokurorlara söz verib. Vəkillərdən aldığımız informasiyalara görə, prokuror ittiham aktını elan etdikdən sonra hakim F.Qasımov prosesin fevralın 27-də davam etdiriləcəyini bildirib.
Elşad MƏMMƏDLİ
(“Yeni Musavat”qəzeti, 23.02.2007)
Əvvəlki məqalə: TƏBRİZDƏ FUTBOL OYUNUNDAN SONRA AZARKEŞLƏR MİLLİ ŞÜARLARLA YÜRÜŞ KEÇİRİBLƏR
Sonrakı məqalə: RAMİL SƏFƏROVA ÇIXARILAN HÖKM QÜVVƏDƏ QALDI