Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

ZƏNCAN UNİVERSİTETİNDƏ TƏLƏBƏLƏR ANA DİLİ GÜNÜ MÜNASİBƏTİLƏ AKSİYA KEÇİRİBLƏR

Mirzə Xəzər 21 Fev 2007

2007-02-21 – 17:42:00

Fevralın 21-də Güney Azərbaycanın Zəncan şəhərində tələbələr Beynəlxalq Ana Dili Günü münasibətilə piket keçiriblər.

«Media forum» saytının məlumatına görə, Zəncan Universiteti tələbələrinin universitetin həyətində keçirdiyi aksiyada İranda qeyri-fars millətlərin dilinə qoyulmuş yasaqlara orijinal formada etiraz bildirilib: piketçilər ağızlarını ağ parça ilə bağlayıb, əllərində Azərbaycan türkcəsində yazılmış plakatlar tutublar.

Mərasimin sonunda qətnamə oxunub. Qətnamədə deyilir: «İran çoxmillətli bir ölkədir və burda yaşayan bütün millətlər öz hüquqlarından istifadə edə bilməlidir. İran hökuməti islam prinsiplərini nəzərə alaraq İranda yaşayan bütün xalqların hüquqlarının qorunması, onların mədəniyyətlərinin inkişafı üçün şərait yaratmalı, cəmiyyətdə ədaləti bərqərar etməlidir».

Qətnamədə həmçinin 2006-cı ilin may-iyun aylarında «İran» qəzetində türkləri təhqir edən karikatura ilə əlaqədar keçirilən etiraz aksiyalarında həlak olmuş azərbaycanlıların xatirəsi yad edilir və bildirilir ki, İranda ədalətin bərqərar edilməsinin və mədəniyyətin yüksəlişinin yeganə yolu xalqın tələblərini gerçəkləşdirməkdir.

Qətnamənin sonunda İran rəsmilərindən ölkənin türkdilli əhalisinin aşağıdakı tələblərini yerinə yetirmək tələb olunur:

- Ölkədə Azərbaycan türkcəsinin rəsmiləşdirilməsi və tədrisin ana dilində aparılması;

- Azərbaycan türkcəsinin tədqiqi və tədrisi üçün dil və ədəbiyyat akademiyalarının yaradılması, türkcənin ölkənin bütün universittlərində tədris edilməsi;

- Azərbaycan türkcəsində kütləvi informasiya vasitələrinin yaradılması;

- Azərbaycanın tarixi yer adlarının bərpa edilməsi, uşaqlara və iş yerlərinə türk adı verilməsinə qoyulmuş qadağaların ləğv edilməsi;

- Türk milli-mədəni kimliyinin simvolu sayılan tarixi abidələrin qorunması işinə diqqət ayrılması.

(“Media Forum”)

Əvvəlki məqalə: Beynəlxalq Ana Dili Günü ərəfəsində İranın Qum şəhərində də əhali arasında ana dili həyəcanı yaşanmaqdadır

Sonrakı məqalə: «BACIOĞLU» LƏQƏBLİ HAKER ERMƏNİSTAN VƏKİLLƏR KOLLEGİYASININ və YEREVAN VƏKİLLƏR KOLLEGİYASININ SAYTLARINI DAĞITDI