Qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məqalələrindən ibarət kitab çapa hazırlanır
ELMAR HÜSEYNOVUN KİTABI ÇIXACAQ 2007-02-19 – 19:47:00
Qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məqalələrindən ibarət kitab çapa hazırlanır. «Elmar Huseynov. Məqalələr toplusu» adlanan kitabın birinci cildi bu günlərdə «Qanun» nəşriyyatında işıq üzü görəcək. E.Hüseynovun xronoloji ardıcıllıqla «Monitor» jurnalında dərc edilmiş məqalələrindən ibarət olan toplunun naşiri Şahbaz Xuduoğlu, tərtibatçısı Bella Zakirova, nəşriyyat redaktoru Nəriman Əbdülrəhmanlıdır.
Bu barədə «Media forum» saytına məlumat verən Ş.Xuduoğlu bildirib ki, hazırda kitab üzərində sonuncu tamamlama işləri gedir. Kitabın birinci cildini bu il martın 2-də – E.Hüseynovun qətlinin ikinci ildönümündə keçiriləcək tədbirdə ictimaiyyətə təqdim etmək nəzərdə tutulur.
Ş.Xuduoğlunun sözlərinə görə, Elmarın bütün məqalələrini bir cildə sığışdırmaq mümkün olmadığından toplunu iki cilddə buraxmaq qərara alınıb. İkinci cildin ictimaiyyətə Elmarın qətlinin üçüncü ildönümündə, yəni gələn il təqdim olunması planlaşdırılır.
Ötən il olduğu kimi, bu il də martın 2-də tədbir keçirmək, tədbirdən sonra jurnalistin məzarını ziyarət etmək, qətlin baş verdiyi saatda isə cinayətin törədildiyi, bir vaxt Elmarın ailəsi ilə birgə yaşadığı binaya gedib baş redaktorun qanının axıdıldığı pillələrə gül dəstələri qoymaq nəzərdə tutulub.
«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də saat 20:50 radələrində yaşadığı binanın blokunda odlu silahla öldürülüb. İndiyədək qətlin üstü açılmayıb.
«Media forum»
Əvvəlki məqalə: ANA DİLİ GÜNÜ YAXINLAŞIR, ETTELAAT TƏBRİZDƏ, URMİYADA və QUMDA HƏBSLƏR APARIB
Sonrakı məqalə: ANA DİLİ GÜNÜ YAXINLAŞIR, ETTELAAT TƏBRİZDƏ, URMİYADA və QUMDA HƏBSLƏR APARIB