Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

ANA DİLİ GÜNÜ YAXINLAŞIR, ETTELAAT TƏBRİZDƏ, URMİYADA və QUMDA HƏBSLƏR APARIB

Mirzə Xəzər 19 Fev 2007

GÜNEYDƏ ANA DİLİ HƏYƏCANI. ETTELAAT TƏBRİZDƏ, URMİYADA və QUMDA HƏBSLƏR APARIB 2007-02-19 – 20:00:00

Fevralın 21-də qeyd olunacaq Beynəlxalq Ana Dili Günü yaxınlaşdıqca Güney Azərbaycanda milli fəalların həbsi də vüsət alır. Güneydəki mənbələrdən «Media forum» saytına verilən xəbərə görə, fevralın 18-də ETTELAAT əməkdaşları Təbrizin tanınmış milli-siyasi fəallarından biri olan Həsən Ərkin Saib küçəsində yerləşən mağazasına müraciət edərək onu və qohumlarından birini tutub naməlum istiqamətə aparıblar. Onların nə üçün və harada saxlanıldığı bəlli deyil.

Həmin gün Urmiyada da həbslər aparılıb. ETTELAAT-çılar İsmayıl Cavadi, Əhməd Qureyşi, Əbülfəzl Alilu, Məhərrəm Hüseyni Kiyanı saxlayıblar. Sonuncunun iki oğlu da tutulub.

Qum şəhərində isə ETTELAAT-ın yerli şöbəsinin məmurları şəhərin milli fəalları İbrahim Kazimi və Cəfər Abedini saxlayıblar. Onlara hansısa zəhərli mayenin zorən içizdirilməsi və bundan səhhətlərində dərhal problem yaranması xəbəri də verilir. C.Abedini sonradan ailəsinin qoyduğu girov müqabilində müvəqqəti sərbəst buraxılsa da, İ.Kazimi hələ də həbsdədir.

Məlumatda habelə bildirilir ki, Azərbaycan universitetlərinin bütün tələbələri Beynəlxalq Ana Dili Günü münasibəti ilə geniş tədbirlər keçirməyə hazırlaşır, bəyanat və bildirişlər yayaraq əhalini bu günə biganə qalmamağa çağırırlar. Onlar xəbərdarlıq ediblər ki, hakimiyyət dinc tədbirlərin keçirilməsinə mane olsa, həmin gün dərslərə girməyəcəklər.

«Media forum»

Əvvəlki məqalə: Qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məqalələrindən ibarət kitab çapa hazırlanır

Sonrakı məqalə: İsveçdə Babək- Azərbaycan Kurslar Dərnəyinin 3-cü qurultayı keçirilib