Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Humay Süleymanlı: Kotanınız mübarək!

Mirzə Xəzər 02 Fev 2007

no comments

1 fevral 2007


Humay Süleymanlı


Günlərin bir günü məhəllədə yetənə yetib, yetməyənə daş atan birisinin yolu dustaqxanadan düşür. Içəridə oturub günlərini sayanda “nəzir” eləyir ki, bayıra çıxan kimi yetim sevindirəcək. Ay keçir, il dolanır, adam çıxır bayıra. Bir az avara, sərgərdan gəzəndən sonra yolun qırağında üz-gözündən yetimlik yağan beş-altı uşağın topaldıqaç oynadığını görür. Elə o an yadına “nəzir”i düşür. Yapışır uşaqlardan birinin boğazından. Uşaq nə qədər yalvar-yaxar edir, “dəliqanlı” deyir, yox e, səni öldürəcəm. Çarəsiz yetimi 5-10 dəqiqə də qışqırdandan sonra birdən əlini onun boğazından çəkir. Yetim sevindiyindən bilmir neyləsin. Dizlərini yerə qoyub “Əzrayıl”ın əlindən qurtulduğuna görə Allaha şükür edir. “Dəliqanlı” özündən razı halda deyir, bax, yetim sevindirmək belə olar.
Indi Tarif Şurasının bahalaşma qərarından sonra maaşların 25 faiz artırılması elə yetim sevindirmək kimi bir nəsnədi. Özü də nədənsə məmurlar “3 dəfə” deyəndə səslərini aşağı “tembrə” kökləyir, “25 faiz” deyəndə isə az qala qışqırırlar. Savadsızlığı ilə ad çıxarmış məmurların yadına salmaq istəyirəm ki, söhbət 3-lə 25-in yox, 300-lə 25-in fərqindən gedir. Haçansa, cəsarətə gəlib büdcədən qəpik-quruş alanların maaşını 300 faiz artıra bilərsiz? Havalanmayın, təklifdi də, verirəm.
Sovet uşaqlarının çoxu tarix dərslərindən 9 yanvarın qanlı bazar günü olduğunu bilirdi. Müstəqillik dövrünün uşaqları isə 6 yanvar - Qadalı Tarif Gününun əzabi içərisində böyüyəcək.
Onsuz da Azərbaycan hər yüz nəfərə düşən polislərin sayına görə bir çox ölkələri qabaqlayırdı. Eşitmişəm, son bahalaşmadan sonra yuxarılarda oturanlar polislərin sıralarını bir qədər də genişləndirməyi düşünür - qazpulu, işıqpulu yığanların hərəsinin yanına bir polis qoşmaq üçün. Ölkə özü boyda dəlixanadır, vallah...
Bir tərəfdən də məmurları qınamalı deyil. Birdən mitinqə çıxmağa ərinən əhali hökumətin acığını elə qazpulu, işıqpulu yığanlardan çıxdı? Ramil Usubovun ciddi-cəhdlə cinayətkarlığın sayını azaltmağa çalışdığı bu həssas məqamda səhlənkarlığa yol verib qazpulu, işıqpulu yığanları taleyin ümidinə buraxmaq olmaz axı.
Bahalaşmadan sonra ən maraqlı xəbər kənd təsərrüfatında çalışanlara kredit kartı ilə subsidiya veriləcəyidir. Bu, Əliyev məktəbindən dərs alan məmurların onlara xidmət edənlərə yeni qazanc yeri açmağının daha bir nümunəsidir. Olmazdı ki, bu zəhrimara qalmış dizel yanacağının qiyməti elə yerində qalaydı? Indi bu yazıq kəndli texnikasına yanacaq almaq üçün neçə məmurun qapısını döyməli, neçə yerdən kənd təsərrüfatı ilə məşğul olduğunu təsdiqləyən arayış almalı, sonra o arayışı hansısa məmurun imzası ilə təsdiqlətməlidir ki, kredit kartını ala bilsin? Məmur “möhür”lərinin haqqını ödəmək kəndliyə yanacağı adi qiymətlə almaqdan ucuz başa gələcək, məgər? Inanan daşa dönsün.
Belə çıxır ki, iqtisadi inkişaf tempinə görə “birincilər-birincisi” Azərbaycanın vətəndaşları işıqsız, qazsız mağara həyat tərzinə keçəcək, muzeylərdən kənd təsərrüfatı alətlərini götürüb yenidən 100 il öncəyə - kotanla, cütlə işləməyə qayıdacaq, AzTV-də də efirə yeni veriliş çıxacaq - “Kotanınız mübarək!”.

("Azadlıq" qəzeti, 02.02.2007

Əvvəlki məqalə: “Qurani-Kərim”in bütün əlyazmaları vahid nəşrdə

Sonrakı məqalə: ALMANİYANIN RƏSMİ QƏZETİ NEFT PULLARININ AZƏRBAYCANDA KORRUPSİYALAŞMIŞ REJİMİ MÖHKƏMLƏNDİRDİYİNİ YAZIB

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2664

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin