«AZADLIQ» BLOKU QİYMƏTLƏRİN QALDIRILMASINA ETİRAZ OLARAQ BAKIDA PİKET KEÇİRDİ
2007-01-26 - 17:18:00
Tarif Şurasının ölkədə qiymətləri qaldırmasına etiraz olaraq «Azadlıq» blokunun bir qrup fəalı bu gün Dövlət Əmlakının İdarə Edilməsi
üzrə Dövlət Komitəsinin (DƏİEDK) binası qarşısında piket keçirib.
Saat təxminən 15.10 radələrində AXCP sədrinin müavini Həsən Kərimovun, ALP-nin sədr əvəzi Əvəz Temirxanın rəhbərliyi ilə piketçilər DƏİEDK binasının qarşısındakı bağa toplaşaraq «Bahalaşmaya yox!», «Rədd olsun bahalaşma!» şüarlarını səsləndirməyə başlayıblar. Burda onları əvvəlcədən gözləyən Xətai və Nərimanov rayon polis idarələrinin və Çevik Polis Alayının əməkdaşları dərhal piketçilərə hücum edərək onları küçənin əks tərəfinə sıxışdırıblar.
Piketi dağıdarkən polis bəzi aksiya iştirakçılarına dəyənək və təpiklə zərbələr endirib. Polislə fəallar arasında yaranmış elə ilk qarşıdurmada piketə rəhbərlik edən, «Azadlıq» blokuna daxil olan partiyaların 6-7 funksioneri həbs edilib. Polislər onları M.Əfəndiyev adına 2 saylı Bakı Şəhəri Klinik Xəstəxansının həyətinə aparıblar.
Digər aksiyaçılar təxminən 20-25 metr aralanandan sonra yenidən şüarlar səsləndirməyə başlayıblar. Polis bu dəfə tutduğu piketçiləri «Pəhləvan» Respublika İdman Klubunun həyətinə doldurub. Bundan sonra polislər «Azadlıq» blokunun aksiya yerində olan başqa funksionerlərini də (Əvəz Temirxan, Fuad Qəhrəmanlı, Alı İsmayılov və daha bir neçə şəxs) həbs etməyə başlayıblar.
Aksiya yerində jurnalistlərin suallarını cavablandırarkən Bakı Şəhər Baş Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şamil Seyidli bildirib ki, piket icazəsiz olduğuna görə dağıdılıb. Ş.Seyidli ümumilikdə aksiyada 10-15 nəfərin tutulub saxlandığını deyib. O, saxlanılanların hamısının Xətai Rayon Polis İdarəsinə, ordan isə Xətai Rayon Məhkəməsinə aparılacağını, bəzilərinə məhkəmə tərəfindən inzibati cəza, bəzilərinə isə bir neçə sutkalıq həbs veriləcəyini söyləyib.
Aksiyanı ABŞ səfirliyinin, ATƏT-in Bakı ofisinin əməkdaşları müşahidə ediblər.
Piketin qətnaməsində Tarif Şurasının bu ayın 6-da çıxardığı qərarın xalqın vəziyyətini kəskin pisləşdirdiyi bildirilir və Azərbaycan ictimaiyyəti bu qərara etiraz etməyə çağırılır.
«Media forum»
Əvvəlki məqalə: «AZADLIQ» BLOKUNUN PİKETİNDƏ TUTULAN və XƏSARƏT ALANLARIN SİYAHISI
Sonrakı məqalə: «Sağlam Düşüncə Gənclər Təşkilatı»: Bir mədəniyyətə ikinci nəfəs
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2625
