Amnesty International: “Azərbaycanda jurnalistlər ölüm hədələri altında yaşayır”
25 yanvar 2007
«Amnesty International» hakimiyyətin azad mətbuata münasibətini ifşa edən hesabat yaydı
“Hökumətin saxtakarlıqlarını ifşa etməyə səy göstərən jurnalistlər siyasi motivli həbslər, fiziki həmlələr və hətta, ölüm hədələri altında yaşayırlar”. Bu sətirlər nüfuzlu “Amnesty International” hüquq müdafiə təşkilatının hazırladığı son hesabatdandır. “Azərbaycan: ifadə azadlığı üçün sıxılmış boşluq” adlı hesabat vətəndaş cəmiyyətinin, xüsusilə də jurnalistlərin qarşısında duran maneələrdən bəhs edir.
Təşkilatın Avropa və Mərkəzi Asiya layihəsi üzrə direktoru Boren Qrimvut-Basken bildirb ki, Azərbaycanda mövcud olan kütləvi korrupsiya hallarını qabardan və ya hökumət partiyasının xəttindən yayınan jurnalistlər öz həyatlarını təhlükəyə atır: “Prezident Əliyevin jurnalistlərə qarşı hücumları pisləməsinin arxasında onları qorumağa dair həqiqi səylər dayanmalıdır. Bu gün Azərbaycanda ifadənin azadlığına yalnız o zaman icazə verilir ki, bu, hökumətin marağında olsun”.
Jurnalistlərə qarşı sanksiyalar ötən il daha da çoxalıb
Müxalifətlə əlaqəsi olan jurnalistlər fiziki zorakılığın qurbanına çevrilirlər
“Amnesty International” qeyd edir ki, müxalifət və ya müstəqil jurnalistlərə qarşı sanksiyalar ötən il daha da çoxalıb. Təşkilat Azərbaycanda ifadə azadlığına qarşı 3 əsas cəhəti vurğulayır: polisin jurnalistlərə təzyiqi, jurnalistlərə qarşı fiziki zorakılıq və onların qondarma ittihamlarla həbs edilərək susdurulması. Təşkilatı narahat edən əsas məsələ odur ki, müxalifətlə əlaqəsi olan jurnalistlər fiziki zorakılığın qurbanına çevrilirlər. Bu günə qədər həmin fiziki zorakılıqlarla bağlı aparılan heç bir istintaq
günahkarı müəyyənləşdirməyib. Bu isə belə hücumlar üçün cəzasızlıq mühiti yaradır. “Amnesty International”ın məlumatına görə, hökumətyönlü jurnalistlərə qarşı heç bir hücum faktı qeydə alınmayıb. Azərbaycan üzrə ekspert Lorens Broers deyir ki, qeydə alınmış hücum faktları araşdırılmalı, qorxu və özünüsenzura mühitinin ortadan qaldırılması üçün məsuliyyət daşıyanlar ədalət məhkəməsinə çıxarılmalıdır. Təşkilat Azərbaycan hökumətini jurnalistlərə qarşı fiziki zorakılıqlara dair araşdırmalar aparmağa, hüquq-mühafizə
orqanları rəsmiləri üçün cəzasızlıq mühitini ortadan qaldırmağa, disidentləri susdurmaq üçün böhtan kimi maddələrdən istifadəni dayandırmağa çağırır.
Hüquq-mühafizə orqanları “Azadlıq” qəzetinə hücum edib
Təhlükəsizlik qüvvələri döymək və ya təqib etməklə jurnalistlərin qarşısını almağa çalışır
Hesabatda göstərilir ki, “Amnesty International” təhlükəsizlik qüvvələrinin jurnalistləri döydüyünə və ya təqib etdiyinə dair bir neçə insidentlə bağlı məlumat əldə edib. Belə insidentlərin sayı seçki kampaniyaları kimi siyasi cəhətdən həssas dövrlərdə daha da artıb. Hökumət bu yolla jurnalistlərin qarşısını almağa çalışır. Misal üçün, 2005-ci ilin avqust ayınında hüquq-mühafizə orqanları “Azadlıq” qəzetinə hücum etmiş, redaksiya heyətindən bir neçə nəfər saxlanılmışdır. Seçki kampaniyası dövründə “Azadlıq” siyasi
blokunun keçirdiyi aksiyalar zamanı jurnalisitlərə qarşı təzyiqlər daha da çoxalıb. “Amnesty International” bu barədə Azərbaycan hökumətinə müraciət etsə də, heç bir cavab almayıb.
Hesabatda deyilir ki, hüquq-mühafizə orqanlarının jurnalistlərlə zorakı rəftarı, yalnız seçki kampaniyası ərəfəsində müşahidə edilmir, 2004-cü ilin dekabr ayında “Yeni Müsavat” qəzetinin foto-müxbiri Alim Kazımlı Nərimanov Rayon Polis Idarəsində rüşvətə etiraz etdiyi üçün polis tərəfindən vurulub. Nəticədə infarkt keçirərək, 2005-ci ilin iyun ayında vəfat edib.
“Naməlum”ların hücumuna məruz qalanlar
Elmar Hüseynov, Fikrət Hüseynli, Bahəddin Həziyev, Nicat Dağlar
Hesabatda deyilir ki, Azərbaycanda müstəqil jurnalistlərlə təkcə polis rəsmiləri kobud davranmır, onlar şəxsiyyəti naməlum olan şəxslərin də ciddi təzyiqlərinə məruz qalırlar. “Amnesty International” naməlum şəxslərin ciddi həmlələrinə məruz qalmış jurnalistlərlə bağlı bir sıra insidenti sənədləşdirib. Bu sıraya bir ölüm və iki ölümcül halla müşahidə olunan hadisə də daxildir. Bu hallara görə heç kimin məsuliyyət cəlb edilməməsi “Amnesty International” təşkilatını narahat etsə də, hökumətə yazılmış müraciət yenə
də cavabsız qalıb: “Beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq, Azərbaycan nəinki hökumət rəsmilərinin insan haqlarına hörmət bəsləməsini təmin etməyə borcludur, o cümlədən dövlət rəsmisi olmayanların yol verdiyi hüquq pozuntularının qarşısını almaq üçün addımlar da atmalıdır”.
Elmar Hüseynovun qətlilə əlaqədar olaraq, təşkilat bildirir ki, bu cinayətin sifarişinin Hacı Məmmədovun iddia etdiyi kimi Fərhad Əliyev tərəfindən verilməsi, inandırıcı görünmür.
Jurnalistlərə qarşı hücum faktlarına dair ikinci hal kimi 2006-cı ilin mart ayının 6-da “Azadlıq” qəzetinin müxbiri Fikrət Hüseynlinin oğrulanması, döyülməsi və onu öldürməyə səy göstərilməsi hesabatda öz əksini tapıb: “Onun barmaqları qırılıb və çənəsinə bıçaqla zərbə endirilib. Huşunu itirəndən sonra, onu oğrulayanlar müxbiri yolun kənarına qoyub qaçıblar. Bundan əvvəl isə ona edilən hədələyici zənglərdə Fikrət Hüseynlini junlaistikadan çəkindirməyə çağırıblar. Belə hesab edilir ki, ona qarşı hədələr və hücumlar
Fikrət Hüseynlinin ölkədəki oliqarxların cinayətkar fəaliyyətinə və yüksək post tutanların korrupsioner əməllərinə dair məqalələrilə bağlıdır”. Təşkilat bu insidentə dair lazımi istintaq işlərinin aparıldığına şübhə ilə yanaşır.
2006-cı ilin mayın 18-də “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyevin döyülməsilə bağlı insidentdə də heç bir irəliləyişin olmadığı qeyd edilir.
Azərbaycanda jurnalistlərə qarşı ölümcül həmlələrə dair son fakt kimi isə, 2006-cı ilin dekabr ayının 25-də “Azadlıq” qəzetinin jurnalisti Nicat Hüseynova (Dağlar) qarşı hücum göstərilib: “Həmin gün bir neçə şəxs Bakıdakı evinin yanında Nicat Dağlara hücum edib. O, yerə yıxılandan sonra döyülüb və bədəninə bıçaqla zərbə endirilib. Bundan sonra daxili zədələr və beyin travması ilə xəstəxənaya çatdırılıb. Nicat Hüseynov ”Azadlıq" qəzetində hakimiyyət nümayəndələrinin yol verdiyi korrupsiya hallarına dair bir çox
məqalə ilə çıxış edib. Hücum ərəfəsində ona hədələyici zənglər gəlib. Həmin zənglər Nicat Hüseynovun jurnalist fəaliyyətilə bağlı olub". Son dövrlər hökumətyönlü media orqanlarının işçilərinə heç bir hücum halının qeydə alınmaması təşkilata onu deməyə əsas verir ki, bu hücumların hakimiyyətlə əlaqəsi var.
Mirzə Sakitə qarşı ittihamı sübut edən fakt olmayıb
Jurnalisin siyasi motivlərlə həbsi Azərbaycanda yeni deyil
Sənəddə qeyd edilir ki, jurnalistlərin siyasi motivlərlə həbs olunması Azərbaycanda yeni deyil: “Misal üçün 2003-cü ilin oktyabr ayında müxalifətyönlü ”Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu iğtişaş təşkil etmək ittihamı ilə həbs edilərək, 17 ay saxlanılıb".
Son dlövrlər baş verən hadisələrə misal kimi isə “Azadlıq” qəzetinin satirik jurnalisti Sakit Zahidovun (Mirzə Sakit) narkotik maddələrin qanunsuz saxlanılması ittihamı ilə həbsi göstərilir: “Daxili Işlər Nazirliyinin bəyanatında iddia olunur ki, Sakit Zahidovun üzərindən 10 qram heroin götürülüb. S.Zahidov, onun qardaşı Qənimət Zahidov və digər müxalifət jurnalistləri isə iddia edirlər ki, onun həbsi siyasi motivli olub və heroini Sakit Zahidovun cibinə polis rəsmisi qoyub”. Daha sonra, Mirzə Sakitin məhkəməsindən
danışılan sənədə görə, ortaya ittihamı sübut edən heç bir fakt qoyulmayıb.
Jurnalistlər özünü senzuraya məcbur edilir
Hökumət böhtanla bağlı maddələrdən sui-istifadə edir
“Amnesty International” bildirir ki, Azərbaycan Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri jurnalistlərə qarşı yönəldilir. Bu maddələrdən sui-istifadə edən hökumət nümayəndələri jurnalistləri “böhtan” və “təhqir” ittihamları ilə məhkəmələrə verir. Təşkilat hesab edir ki, qanunlar dövlət rəsmiləri üçün heç bir xüsusi qoruyucu imtiyazlar yaratmamalıdır: “Böhtanla bağlı qanunlardan hökumətin və ya hökumət rəsmilərinin tənqid olunmasının, onların korrupsiya və səlahiyyətlərini aşması hallarının ifşasının qarşısını
almaq məqsədilə istifadə edilməsinə heç cür haqq qazandırıla bilməz. Xüsusilə də, Azərbaycanda ifadə azadlığının repressiyaya məruz qaldığı hazırkı şəraitdə ”Amnesty International" hesab edir ki, bu qanunlar hakimiyyət tərəfindən disidentlərin susdurulması və jurnalistlər arasında özünü senzura məcburiyyətinin yaradılması üçün istifadə olunur".
Belə hallara misal kimi, “24 Saat”, “Azadlıq”, “Milli Yol”, “Realnıy Azerbaydjan” və bir sıra başqa qəzetlərə qarşı il ərzində qaldırılmış məhkəmə iddiaları göstərilir. Bundan əlavə, “Milli Yol” qəzetinin redaktoru Şahin Ağabəyli ilə “Böyük Millət” qəzetinin redaktoru Samir Adıgözəlovun həbsi də sənədləşdirilib.
Jurnalistlərə hücum edənlər cəzalandırılsın
Mirzə Sakitin təkrar məhkəməsi keçirilsin
Sənədin yekununda “Azadlıq” qəzetinin öz ofisindən çıxarılması və ANS telekanalının yayımının bir müddət dayandırılması öz əksini tapıb. Bildirib ki, təşkilat qanunlardan müstəqil mətbuatı susdurmaq üçün sui-istifadə edilməsindən narahatdır.
Mövcud narahatlıqları nəzərə alan “Amnesty International” Azərbaycanda ifadə azadlığının təmin olunması üçün bir sıra addımların atılmasını təklif edir:
* Hökumət Elmar Hüseynovun qatilini və jurnalistlərə hücum edənləri tapmalıdır. Məsuliyyət daşıyanlar ədalət qarşısına çıxarılanadək bu cinayət işləri bağlanmamalıdır.
* Jurnalistlərə qarşı zorakılığa yol vermiş hüquq-mühafizə orqanları cəzalandırılmalı, onlar üçün yaranmış cəzasızlıq mühiti aradan qaldırılmalıdır.
* Söz azadlığı hüququndan istifadə edən jurnalistlərin həbsinə son qoyulmalıdır. Azərbaycan hakimiyyəti tezliklə Sakit Zahidovun təkrar məhkəməsini keçirməli və bu məhkəmənin beynəlxalq ədalətli məhkəmə standartlarına uyğunluğunu təmin etməlidir.
Rüfət ("Azadlıq" qəzeti, 25.01.2007)
Technorati Tags: Human Rights, İnsan hüquqları, Press Freedom
Əvvəlki məqalə: Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin doğum günüdür
Sonrakı məqalə: İranda güneyli siyasi fəallara qarşı təzyiqlər güclənir
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2622