Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Almaniyada böhran, Fransada böhran, Britaniyada böhrandır

Mirzə Xəzər 11 İyn 2005

no comments

Avropada kabus gəzir

Almaniyada böhran, Fransada böhran, Britaniyada böhrandır

Araz Kərimoğlu

Avropada kabus gəzir. Kabusun adı böhrandır və Avropa Birliyinə üzv olan ölkələrin hər birisinin qapısını çalır. Fransada böhran, Almaniyada böhran, Britaniyada böhrandır. Avropa Birliyi böhranın pəncəsində vurnuxmaqdadır. Böhran yalnız konstitusiya böhranı deyildir. Etimad böhranıdır. Xalqın, seçicilərin öz hökumətlərinə olan etimadının sarsılması böhranıdır. Avropa mətbuatının fikrincə, Fransa və Hollandiya seçiciləri Avropa Birliyinin konstitusiyasını rədd etməsi onların öz hökumətlərinə etimadsızlıq rəyi kimi qəbul edilməlidir. Parisdə ingilis dilində çıxan “İnternational Herald Tribune” qəzeti hətta təxminən 30 illik biganəlik və passivlik dövründən sonra avropalı seçicilərin nəhayət oyanaraq, seçki məntəqələrində səs verməklə hökumətlərinin fəaliyyətinə istənilən qiyməti vermək iqtidarında olduqlarını dərk etməsini “Avropada may inqilabı” adlandırır. Qəzet haqlıdır. “Frans Press” agentliyinin yazdığına görə, bir çox fransız təkcə Avropa Birliyinin konstitusiyasına deyil, dövlət başçısı Jak Şiraka da “yox” deyirlər. Parisdə çıxan “Liberation” (“Liberasyon”) qəzetinin sifarişi ilə aparılan sorğunun nəticələri göstərir ki, Fransanın son 20-30 illik tarixində Jak Şirak qədər xalqın gözündən düşən prezident olmayıb. Rəyi soruşulanların 69 faizi Şirakın yeritdiyi siyasətə mənfi qiymət vermişdir. 29 may referendumundan sonra Jak Şirakın tələsik baş nazir vəzifəsinə gətirdiyi Dominik de Villepinə də sorğu iştirakçıları müsbət yanaşmadıqlarını bildiriblər. Rəyi soruşulanların 41 faizi de Villepinə müsbət yanaşdığını bildiribsə, 40 faizi yeni baş nazirin işsizliklə mübarizədə və hökumətə etimadın bərpa olunmasında uğurlu olacağına və ümumiyyətlə bu məsələlərdə onun səriştəli olduğuna inanmır. Görünür bu səbəbdəndir ki, de Villepin işsizliyin aradan qaldırılması, iqtisadiyyatın dirçəldilməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hazırladığı 100 günlük planı müxalifət tərəfindən böyük bədbinliklə qarşılanmışdır. Təkcə müxalifət tərəfindən yox. Hətta de Villepinin özü belə böyük bir vəzifənin öhdəsindən 100 gündə gələ biləcəyinə inanmadığına eyham etmişdir. Avropada böhran kabusu gəzir və hər qapını çalır. Almaniyada da böhrandır. Fransa və Hollandiyada referendumların nəticələri, Böyük Britaniyanın referendum keçirtmək məsələsini təxirə salması Avropa Birliyinin konstitusiyanın qəbul edilməsini bu və ya başqa şəkildə siyasi məsləyi ilə bağlayan alman kansleri Gerhard Şröderin və onun koalisiya şəriki olan xarici işlər naziri Yoşka Fişerin mövqeyinə dəyən ağır zərbə adlandırmaq yanlış olmazdı. Vaşinqtona əliboş gedən xarici işlər naziri Yoşka Fişer vətəninə əliboş qayıtmalı oldu. Amerikanın xarici işlər naziri Kondoleza Rays Almaniyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq barədəki təklifini qətiyyətlə və açıq şəkildə rədd etdiyini Yoşka Fişerin üzünə söylədi. Yoşka Fişerin Berlinə əliboş qayıtmaqdan başqa çarəsi qalmadı. Amma, təəssüf ki, yaşıllar partiyasının rəhbəri Berlində də rahatlıq tapa bilmədi. Kansler Gerhard Şröderin vaxtından əvvəl parlament seçkiləri keçirilməsi barədə qərarı, daha doğrusu bu qərarın təfərrüatlarını gizli saxlaması üzündən sosial-demokrat partiyasının daxilində güclü çalxalanma gedir. Belə görünür ki, məharətli siyasətçi olan Gerhard Şröder hər şeyi düzgün hesablaya, düzgün qiymətləndirə bilməyib. Əks-təqdirdə Berlin şayiə yuvasına çevrilməzdi. Bavariya əyalətində çıxan “Sueddeutache Zeitung” qəzetinin şərhçisi Heribert Prantl Berlində isteriyanın hökm sürdüyünü qeyd edərək yazır ki, sosial-demokrat partiyasının sədri Müntefering, xarici işlər naziri Fişer və kansler Şröderin vəzifəsi cəld hərəkət edərək bu şayiələrə son qoymaq, yeni seçkilər məsələsini aydın şəkildə ictimaiyyətə bəyan etməkdir. Onlar bu vəzifənin öhdəsindən gələ bilməsələr, seçicilər arasında malik olduqları rəğbəti və olan-qalan etimadı da itirəcəklər. Çünki, ictimaiyyətin şüurunda möhkəm kök salan həqiqət budur ki, elan edilən yeni seçki məsələsini həll edə bilməyən şəxslər, ölkəni bundan sonra idarə edə bilməzlər. Və nəhayət, Avropa Birliyi ilə yanaşı Birliyin vahid pulu olan avro da görünür böhranlı günlərini yaşayır. Avronun qarşılaşdığı böhran məzənnə böhranı deyildir. Mövcudiyyət böhranıdır. Avropa ölkələrinin bütün iqtisadi bəlalarını avronun boynuna yıxmaq, bu gün Avropanın bir sıra ölkələrində aktual hərəkət qaydasına çevrilib. Avronun taleyi barədə ən qəti və orijinal fikri İtaliyanın əmək naziri söyləyib. Onun fikrincə, avrodan əl çəkib əvvəlki valyutaya dönmək ən ağıllı hərəkətdir. Xatırladaq ki, illərdən bəridir siyasi və iqtisadi böhran içərisində vurnuxan və vurnuxduğu halda böhrandan çıxa bilməyən İtaliya Avropanın “xəstə”sidir. Amma, italyanlar bu hökmlə barışmaq istəmirlər. Onların fikrincə, bütün qüsurların və bəlaların günahkarı avrodur. Avropada kabus gəzir. Kabusun adı böhrandır və Avropa Birliyinə üzv olan ölkələrin hər birisinin qapısını çalır.

Əvvəlki məqalə: Salam Mirze Xezer!

Sonrakı məqalə: BU, SEVGİDİR...

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/746

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin