BUŞUN TİRANLARLA SAVAŞI, AZƏRBAYCANDA YORĞAN DAVASI
BUŞUN TİRANLARLA SAVAŞI VƏ AZƏRBAYCANDA YORĞAN DAVASI
Mirzə Xəzər
Corc Buşun dünya tiranlarına elan etdiyi döyüşun artıq dünyanın dörd küncündən əks-sədası gəlməkdədir. Almaniyanın “Sueddeutsche Zeitung” qəzeti son nömrəsində Orta Asiyanın Corc Buşun təbiri ilə deyilsə iki tiran ailəsinə bütöv bir səhifəni həsr etməkdən çəkinmədi. Səhifənin başında maraqlı bir şəkil yapışdırılıb: (soldan sağa) Nursultan Nazarbayev, Nursultan Nazarbayevin arvadı, Əskər Akayevin oğlu, Nursultan Nazarbayevin qızı, Əskər Akayevin arvadı və Əskər Akayevin özü. Şəkildəkilərin adlarını şəkilin altında sadalayan alman qəzeti Əskər Akayevin oğlunun Nursultan Nazarbayevin qızına evləndiyini qeyd edərkən, elə dərhal əlavə edir ki, nikah artıq boşanma ilə nəticələnib. Amerika prezidentinin tiranlara qarşı döyüşü ilk bəhrələrini hasil etməkdə davam edir. Tiranlara qarşı Corc Buşun döyüşü İrakı işğal edərək Səddam Hüseyn rejimini devirəndən sonra, Ukraynada qeyri-hərbi “narıncı inqilab”la davam etdi. Bu “tiran yürüşü”nün pərdəarxası maraqlı və məzəli bir hekayəsi vardır. Fransanın paytaxtında ingilis dilində çıxan “İnternational Herald Tribune” qəzeti yanvarın 21-də Corc Buş ikinci prezidentlik müddətinə başlamaq münasibətilə and içərkən tiranlarla mübarizə çağırışını əhatə edən məlum nitqini söylədikdən sonra, ABŞ prezidentinin “tiran” mövzusunu xarici siyasətinin və ikinci prezidentlik dövrünün məhək daşına çevirməsinin səbəbini oxuculara bəyan elədi. Qəzetin yazdığına əsasən, 70-80-ci illərdə keçmiş SSRİ-də dissidentlik etmiş, sonra sovet həbsxanalarında yatmış, daha sonra azadlığa buraxılıb İsrailə köç etmiş və İsraildə siyasət sahəsində böyük uğurlar qazanmış Anatoliy (Natan) Şaranski bu yaxınlarda Amerikanın Boston şəhərinə gəlir. Gəlir ki, dünyada demokratiyanın mütləq istibdada (tiranlara) qalib gələcəyinə dair təzəcə yazdığı kitabın çap olunması münasibətilə tədbirlərdə iştirak etsin. Şaranski Bostona ayaq basar-basmaz Ağ Evdən ona zəng vurulur. Şaranski Ağ Evə dəvət olunur. Prezident Buş Ağ Evdə Şaranskini qəbul edir və onun yazdığı kitabın ona (ABŞ prezidentinə) nə qədər təsir etdiyini dilə gətirir, Şaranskinin qaldırdığı məsələlərin qlobal məsələlər olduğunu bildirir. Və bu görüşdən sonra, yanvarın 21-də Corc Buş andiçmə mərasimində nitq söyləyərək dünya müstəbidlərinə müharibə élan etdi. Tarix elə-belə yaranmır. Tarixi yaradan təsadüflərdir. Anatoliy (Natan) Şaranski o kitabı yazmasaydı, president Buş o nitqi söyləməzdi. Təsadüf göz qabağındadır. Təsadüfdən hasil olan xarici siyasət kursu artıq ideoloji bir məfkurəyə çevrilir və ayaq tutub iri addımlarla parlaq gələcəyə doğru gedir. Amerika prezidenti Avropaya son və tarixi səfərini başa vurandan sonra yerli mətbuat belə nəticəyə gəldi ki, Vaşinqtonun tiranlara qarşı və demokratiya uğrunda yürüşünü hərbi yolla da davam etdirəcəyinə artıq şübhə qalmır və Qərbi Avropa ölkələri, eləcə də Avropa Birliyi Corc Buş hökumətini bu niyyətindən vaz keçməyə sövq, yaxd vadar etmək üçün kifayət qədər gücə malik deyildir. Növbə Qırğızıstan prezidenti Əskər Akayevin növbəsidir. Ölkədə müxtəlif beynəlxalq qurumların maliyyə vəsaiti ilə fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatları parlament seçkiləri ərəfəsində hərəkətə gətirilib. Akayev öz ailə hakimiyyətini müdafiə etmək üçün əlləşir. Həyəcan və təşviş, yuxusuz gecələr və qorxunun qarışığı olan bu əlləşmənin əks-sədası Azərbaycandan gəlir. İA REGNUM agentliyinin yazdığına əsasən, Azərbaycan parlamentinin keçmiş deputatı Cümşüd Nuriyev ABŞ-ın Corc Soros fondunu Azərbaycanda Ukraynadakına bənzər “narıncı” inqilabı başa çatdırmaq üçün kadrların hazırlanmasınımaliyyələşdirməkdə ittiham etmişdir. Nuriyevin iddiasına görə, artıq 300-ə yaxın gənc azərbaycanlı Lvov vilayətində Soros fondunun təlim kurslarında məşq keçir. Bu iddianın arxasında konkret dəlil olmadığı üçün iddia olaraq qalır. Amma, Azərbaycandakı yüzlərlə qeyri-hökumət təşkilatlarının qarşıdan gələn parlament seçkilərində “monitoring” (müşahidə) keçirtmək üçün beynəlxalq təşkilatlardan, o cümlədən Soros fondundan maliyyə vəsaiti qopartmaq üçün ızğın mübarizəyə girişdiklərini “Vətəndaş cəmiyyəti uğrunda” adlı mərkəzin müdiri Eldar İsmaylov “Zerkalo” qəzetində çıxan yazısında xəbər verirdi. Müəllif təəssüflə yazır ki, əsas məqsədi mümkün qədər çox pul qopardılması olan bu cür qeyri-hökumət təşkilatlarını apardıqları monitorinq seçkilərin ədalətli keçirilməsini, ya da seçkilərdə pozuntuların aşkar edilməsini təmin edə bilməz. Və Eldar İsmaylov sual verir: Bu hərcmərclik kimin xeyrinədir? Yəni, saxta seçki təbirilə yanaşı biz, saxta monitorinq təzahürünü də nəhayət bəşəriyyətə bir Azərbaycan ixtirası kimi təqdim etmək ərəfəsindəyikmi? Bəlkə də…Ancaq, Eldar İsmaylovun söylədikləri Ukrayna, Moldova, Qırğızıstan kimi ölkələrin Azərbaycandan əsaslı surətdə fərqləndiyini açıq göstərir. Fərq böyükdür. Ukraynada dava demokratiya, Qırğızısanda dava demokratiya davası olsa da, Corc Buş Vaşinqton və Bratislavada tiranlara aid nitqini gəlib Bakıda Azadlıq meydanında söyləsə də Azərbaycanda yorğan davasının sona çatacağına bu kürreyi-ərzdə heç kim təminat verə bilməz. Mirzə Xəzər (“Yeni İstiqlal” qəzeti üçün yazılıb) Email: mirza_xazar@hotmail.com Internet qəzetləri: Azərbaycan dilində: www.mirzexezerinsesi.net Rus dilində : www.ru.mirzexezerinsesi.net Ingilis dilində : www.en.mirzexezerinsesi.net
Əvvəlki məqalə: ƏDALƏT TAHİRZADƏ: «AZƏRBAYCAN CÜMHURİYYƏTİ», ilk milli dövlətimizin rəsmi adı
Sonrakı məqalə: Amerika erməni terrorizminin yuvasını dağıdıcaqmı?
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/676