Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Amerika erməni terrorizminin yuvasını dağıdıcaqmı?

Mirzə Xəzər 27 Fev 2005

no comments

Amerika erməni terrorizminin yuvasını dağıdıcaqmı?

VAŞİNQTONUN SURİYAYA QARŞI BAŞLAYACAĞI HƏRBİ KAMPANİYA YAXIN ŞƏRQDƏKİ ERMƏNİ TERRORU ŞƏBƏKƏSİNİ DƏ SIRADAN ÇIXARA BİLƏR

Birləşmiş Ştatların məlum 11 sentyabr olaylarından sonra başladığı antiterror kampaniyasını davam etdirəcəyi şübhə doğurmur. Baxmayaraq ki, hələ nə 2001-ci ildə Əfqanıstanda həyata keçirilmiş “Əyilməz azadlıq” kampaniyası məntiqi sonluğa (ölkədə sabitliyin və istiqrarın tam bərqərar olması) çatıb, nə də 2003-cü ilin yazından davam edən İraq kampaniyası gözlənilən nəticəni verib, Vaşinqton strateqləri beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən qüvvələrin zərərsizləşdirilməsi yönündə yeni layihələr üzərində çalışırlar. Məlum olduğu kimi, bu sıraya ABŞ-ın İranla haqq-hesab çəkmək niyyəti də daxildir. 2005-ci ilin əvvəlindən bu məsələnin xüsusi gündəmə gəlməsi və ABŞ rəhbərliyinin Tehranın nüvə proqramları ilə bağlı hədələrinin daha da sərtləşməsi əksər icmalçılara belə düşünməyə əsas verir ki, Vaşinqtonun növbəti hədəfi İran olacaq. Bununla belə, Birləşmiş Ştatların indiki şəraitdə, yəni ən azı İraqda vəziyyəti qismən yoluna qoymadan İrana qarşı əməliyyata baş vuracağını ciddi qəbul edənlər azdır. Çünki Əfqanıstan və İraqda möhkəmlənməklə ABŞ onsuz da İranı geostrateji çəmbərə alıb və sözügedən haqq-hesabın əvvəl-axır gerçəkləşəcəyi gözləniləndir. Lakin İranla müharibə istər miqyasına, istərsə də mahiyyəti etibarilə Əfqanıstan və İraq kampaniyalarından ciddi şəkildə fərqlənəcək və bunu göz önünə alan ABŞ rəhbərliyi böyük ehtimalla hələ bir müddət də İranın yan-yörəsini “budamağa” davam edəcək. Bu xüsusda ABŞ-ın son günlər Suriya ilə münasibətlərində meydana gələn gərginlik diqqət çəkir. Qeyd edək ki, Suriya Yaxın Şərq regionunda İranın başlıca (demək olar ki, yeganə) müttəfiqidir. Bu müttəfiqlik, sadəcə, Tehran və Dəməşqin regiondakı siyasətində, o cümlədən Fələstin məsələsində tutduğu sərt mövqeyində (hər ikisi İsraili bir nömrəli düşmən sayır və radikal fələstinli qrupları yaxından təşviq edir) özünü göstərmir. İran və Suriya ABŞ-ın onlara qarşı təhdidlərindən də müdafiə olunur və Dəməşq Tehranın nüvə proqramlarını açıq dəstəkləyir. Öz növbəsində Vaşinqton İranla yanaşı Suriyanı da Yaxın Şərqdə sülhün əsas maneəsi hesab edir. Artıq bir neçə ildir ki, ABŞ-ın İranla bərabər Suriyaya da qarşı sanksiyaları qüvvədədir və Vaşinqton Bəşər Əsəd hakimiyyətini özünə loyal bir rejimlə əvəzləmək niyyətini gizlətmir. ABŞ Dövlət Departamentinin hesabatlarında Suriya İranla bərabər terroru dəstəkləyən ölkə kimi xarakterizə olunur. Bir qədər əvvəl isə ABŞ Konqresi “Suriyanın İraqın yenidən qurulmasında məsuliyyəti barədə” xüsusi akt qəbul edib və həmin sənəd rəsmi Dəməşqi İraqdakı terror qruplaşmalarının təşviqçisi kimi ittiham edir. Bir sözlə, Vaşinqton Suriyaya qarşı cəza mexanizmlərini ardıcıl olaraq artırmaqdadır, hərçənd son vaxtlaradək açıq hədələrdən çəkinərək məsələni dinc vasitələrlə sahmanlamağa tərəfdar olduğunu bildirirdi. Lakin bu yaxınlarda baş verən hadisə – Livanın keçmiş baş naziri Rafiq Həririnin qətlə yetirilməsi, deyəsən, ABŞ-ın səbr kasasını dolduran son damla olacaq. Bu terrorun arxasında kimlərin dayandığı hələ məlum olmasa da, hadisədən dərhal sonra bütün dünyanın nəzər-diqqəti Suriya üzərinə yönəlib. Həririnin ölüm sifarişinin məhz Dəməşqdən verildiyini düşünməyə isə xeyli əsas var. Xatırladaq ki, son 30 ildə Livanın daxili və xarici siyasətinin yönləndirilməsində Suriya dövləti əsas faktor olub. 1975-ci ildə Livanda etnik-dini zəmində (ölkə əhalisinin 90 faizi mənşəcə ərəb olsa da, onların yarısı xristian, yarısı isə müsəlmandır) vətəndaş müharibəsinin başlaması ilə Suriya qarşıdurmaya son qoymaq adı altında bu ölkəyə hərbi kontingent yeritdi. Lakin Livanda vətəndaş müharibəsi 14 il sürdü və bu müharibədə bir çox dövlətlər, o cümlədən Suriya da yalnız öz maraqlarını güddü. Nəhayət, 1989-cu ildə vətəndaş müharibəsinə son qoyuldu və icmalar arasında “Taif sazişləri” imzalandı. Öz növbəsində Suriya həmin sazişlərin yerinə yetirilməsi üçün öhdəlik daşıyan qarant dövlətlərdən biri oldu. Suriyanın üzərinə götürdüyü öhdəliklərdən biri də Livan ərazisindəki hərbi kontingentini çıxarmaqla bağlı idi. Lakin Suriya Livandakı hərbi kontingentinin bu ölkə ərazisində sülhə təminat verən əsas qüvvə olduğunu bildirərək bu öhdəliyə əməl etmədi. Beləliklə, son 30 ildə Suriya Livanın şimalını faktiki işğal altında saxlayır və hazırda bu ərazidə 14 minlik hərbi kontingenti var. Üstəlik Livanın cənubu isə Suriyanın açıq dəstək verdiyi “Hizbullah” qruplaşmasının faktiki nəzarəti altındadır. Öz növbəsində Livan rəhbərliyində Suriyanın hərbi müdaxiləsinə münasibətdə birmənalı fikir yoxdur. Ölkənin prezidenti xristian məzhəbli Emil Lahud Suriya qoşunlarının ölkədə qalmasına tərəfdardır. Öz növbəsində rəsmi Dəməşq onun hakimiyyətinin uzanmasına hər vəchlə şərait yaradır və 2004-cü ilin sonunda Livan parlamentindəki suriyapərəst qüvvələrin dəstəyi ilə ölkə konstitusiyasına dəyişiklik edildi və Lahudun üçüncü müddətə prezident oldu. Suriyanın Livandan çıxmasını tələb edən əsas qüvvə isə Rafiq Həriri idi. 12 il ölkənin baş naziri olmuş Həriri (Livan Konstitusiyasına görə, ölkənin prezidenti xristian, baş nazir isə müsəlman olmalıdır) 2004-cü ilin oktyabrında prezident Lahudun siyasətinə etiraz edərək istefa verdi. Bu hadisədən sonra Həririnin yaxın dostu, Fransa prezidenti Jak Şirak ABŞ-ın dəstəyilə BMT Təhlükəsizlik Şurasında Suriya qoşunlarının Livandan çıxarılmasını tələb edən qətnamənin (1559 saylı qətnamə) qəbuluna nail oldu. Buna paralel olaraq Livanda parlament seçkilərinə (2005-ci ilin mayına təyin olunub) start verildi və Həririnin ətrafında birləşən siyasi koalisiyanın seçkilərdə inamlı qələbə qazanacağı şübhə doğurmurdu. Beləliklə, ABŞ Həririnin ölümündə Dəməşqin əlinin olmasını açıq iddia etməsə də, bu hadisədən Suriyaya qarşı haqq-hesab üçün yararlanacağını gizlətmir. Digər yandan, Suriyanın vurulmasının ABŞ üçün məxsusi önəmi var. Vaşinqton bununla İranı tamamilə müttəfiqsiz qoymaq və ona ağlını başına yığmaq üçün daha bir dərs vermək niyyətini güdür. ABŞ-ın Suriyaya qarşı kampaniyasının nə dərəcədə real olduğunu, təbii ki, zaman göstərəcək. Amma bu kampaniyanın necə gerçəkləşəcəyinin bizim üçün bir məxsusi tərəfi də var. Məsələ ondadır ki, Suriya vaxtilə Yaxın Şərqdə geniş şəbəkə qurmuş erməni terrorizminin də təşəkkül tapdığı bir ölkədir. Ötən əsrin 60-70-ci illərində Avropada və dünyanın digər bölgələrində türklərə və Türkiyəyə qarşı genişmiqyaslı savaşa başlayan erməni terrorçularının böyük əksəriyyəti Suriyadan çıxmışdı. Livandakı vətəndaş müharibəsilə bu ölkənin şimalının, o cümlədən məşhur Bekaa vadisinin Suriyanın hərbi nəzarətinə keçməsindən sonra isə erməni terror qruplaşmalarının faəliyyəti daha da genişləndi. Bir vaxtlar gözəl təbiəti təbiətinə, turistləri heyran edən mənzərəsinə və istirahət infrastrukturuna görə “Yaxın Şərqin İsveçrəsi” adını almış Bekaa vadisi 1975-ci ildən sonra terrorçu qruplaşmaların və narkobiznesin çiçəkləndiyi bölgəyə çevrildi. Livanda vətəndaş müharibəsinin cərəyan etdiyi illərdə Yaxın Şərqin bir nömrəli terror mərkəzi sayılan bu bölgə erməni terrorizminin isti yuvası oldu. Yeri gəlmişkən, Livanda ərəblərdən sonra ikinci etnik qrup sayılan erməni əhalisi Suriya qoşunlarının ölkədə qalmasının tərəfdarı kimi çıxış edir və bu məsələdə prezident Lahudu dəstəkləyirlər. Təkcə ona görə yox ki, Lahudun anası və həyat yoldaşı ermənidir və o, Livan ermənilərinə yaxşı şərait (ölkə konstitusiyasındakı kvota bölgüsünə görə, ermənilər hökumətdə 2 nazir postuna, parlamentdə isə 5 deputat mandatına malikdirlər) yaradıb, həm də ona görə ki, Suriyanın Livanın şimalını işğal etməsi bu ərazidə erməni terror şəbəkəsinin təşəkkül tapmasına şərait yaradıb. Burada bir haşiyə çıxaraq onu da xatırladaq ki, ABŞ-da həyata keçirilmiş məlum 11 sentyabr terrorunun texnologiyası ilk dəfə məhz Livanda “Hizbullah” təşkilatı tərəfindən sınaqdan çıxarılmışdı. 2001-ci il mayın 23-də “Hizbullah”ın muzdla tutduğu kamikadze-pilot idarə etdiyi kiçik təyyarəni Beyrutun göydələnlərindən birinə vuraraq partlatmışdı. Və kamikadze rolunda erməni terrorçusu Stepan Nikolyan çıxış etmişdi…. Qeyd edək ki, beynəlxalq siyasətdə “nəzarətsiz (qara) ərazilər” terminologiyası da ilk dəfə Bekaa vadisinə aid edilib. Çünki Suriyanın işğalın altında olan bu ərazidə hər hansı beynəlxalq monitorinq keçirmək və orada nələrin baş verdiyini müəyyən etmək mümkünsüz idi. Gerçəkdə isə bu ərazi heç də nəzarətsiz deyildi və beynəlxalq terrorizmin təlim və ixracat mərkəzi öz sahiblərinə milyonlarla dollar gəlir gətirirdi. Suriyanın bu ərazini uzun müddət işğal altında saxlaması buna sübutdur. Narkobiznes və terror məktəbinin çiçəkləndiyi bölgə indiyədək “ASALA”, “Hizbullah”, PKK və daha onlarca terrorçu təşkilatlara, terror dünyasının avtoritetlərinə “vəsiqə” verib. Erməni terrorizminin öncül sifətləri də Bekaa vadisinin yetirmələridir. “Ermənistanın Azadlığı Uğrunda Gizli Ordu” (ASALA) özünün ilk terror aksiyasını (1975-ci ilin yanvarında Beyrutda Beynəlxalq Kilsələr Şurasının binasının partladılması) burada hazırlamışdı. Buradan Türkiyəyə qarşı ardıcıl terror siyasəti yeridilib, onlarla türk diplomatının, iş adamının, sıravi insanların qətli sifariş verilib. Burada beynəlxalq terrorçu “diplomu” almış ermənilər Azərbaycana qarşı işğalçılıq müharibəsinin aparıcı qüvvəsi olub və Bekaadakı narkotik sənayesinin və terror təlim mərkəzlərinin vəsaitləri Qarabağ müharibəsində də xərclənib. Maraqlıdır ki, əslən Livan ermənisi olan Levon Ter-Petrosyan parlamentdəki çıxışlarından birində bu faktı dolayısı ilə etiraf edərək xaricdən Ermənistana gələn qanundankənar vəsaitlərin radikal cərəyan və dərnəklərin yaranmasına sərf olunduğunu bildirmişdi. Həmin dərnəklərin gerçəkdə terrorçu təşkilatlar olduğunu anlamaq üçün isə dərin düşüncə lazım deyil. ASALA-nın rəhbərlərindən biri, Bekaa vadisinin təlim mərkəzlərində partlayıcı qurğular üzrə “bir nömrəli mütəxəssis” kimi təlim almış Monte Melkonyan məşhur terrorçu Karlosun (“Çaqqal”) tələbəsi idi. 1990-cı ildə Ermənistana, oradan isə Dağlıq Qarabağa gələn Melkonyan erməni ordusunun təxribat konsepsiyasının müəlliflərindən oldu. 1993-cü ildə Azərbaycan ordusunun hissələri ilə döyüşdə öldürülən Melkonyana Yerevanda rəsmi səviyyədə yas saxlanıldı, “Ermənistanın Milli Qəhrəmanı” adı verildi. Ermənistan Müdafiə Nazirinin təlim mərkəzlərindən biri “Bekaa tələbəsi”nin adını daşıyır. Onun “məktəb yoldaşları”ndan olan, 1981-ci ildə Parisdə Türkiyə səfirliyini ələ keçirməkdə iştirak etmiş Vazgen Sislyan 1992-ci ildə Xankəndinə gələrək Qarabağdakı döyüşlərə müşavirlik edib. Bir sözlə, Bekaa vadisində yaranmış “qara ərazi”dən çıxan erməni terrorçuları Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılmış “qara ərazi”də fəaliyyətlərini davam etdiriblər. Xatırladaq ki, rəsmi Bakı dəfələrlə beynəlxalq dairələrin diqqətini bu fakta cəlb edib, lakin çeşidli siyasi-konyuktur səbəblər üzündən dünya ictimaiyyəti erməni terrorizminin gerçək qiymətini verməkdən çəkinir. Halbuki beynəlxalq terrorizmlə mübarizənin əhəmiyyətli bir istiqamətini də məhz dünyadakı “qara ərazi”lərdə təşəkkül tapmış şəbəkələrin məhv edilməsi təşkil etməlidir. Yeri gəlmişkən, hələ 2001-ci ilin noyabrında, Əfqanıstan kampaniyasının qızğın çağında Britaniyanın nüfuzlu hərbi nəşrlərindən olan “Yanes Defence Weekly” növbəti antiterror zərbəsinin Yaxın Şərqdəki “qara ərazi”lərə, o cümlədən Bekaa vadisinə endiriləcəyini ehtimal etmişdi. Üstündən üç il ötəndən sonra bu məsələ, deyəsən, yenidən gündəmə gəlir. Lakin ABŞ-ın Yaxın Şərqdəki terror yuvalarını necə dağıdacağı onun işidir. Bizə isə düşən özümüzün işğal olunmuş torpaqlarımızdakı hərbi-terror yuvalarını dağıtmaqdır. Bunun üçün ABŞ-a və başqalarına güvənməməliyik…

Vüqar ORXAN  (525-ci qezet)

Əvvəlki məqalə: BUŞUN TİRANLARLA SAVAŞI, AZƏRBAYCANDA YORĞAN DAVASI

Sonrakı məqalə: Amerika erməni terrorizminin yuvasını dağıdıcaqmı?

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/1416

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin